Daha bir bazar bağlanır: Yüzlərlə insan işsiz qalacaq...

20:42 20 Dekabr 2024

Son illər ərzində paytaxt Bakıda bir sıra bazarların fəaliyyəti dayandırılıb. Öncə “Montin”, daha sonra "Təzə bazar", “Vasmoy” və indi də “Keşlə” adı ilə tanınan bazar...

Bu məsələ ortaya bir neçə sual çıxarır: Gəlirini kiçik bazarlara çıxışı ilə təmin edən kəndlilərin və kənd təsərrüfatı sahəsinin bundan sonrakı durumu necə olacaq? Alternativ təkliflər nədən ibarətdir?

Bu suallarla bağlı Sitat.info-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda, əsasən Bakı şəhərində çoxdandır ki, keçmişdə  kolxoz bazarları adlandırılan bazarların bağlanması prosesinə start verilib: "Bu həm də iri marketlər şəbəkəsinin maraqlarına uyğundur. Təbii ki, "Keşlə" bazarı kimi böyük, minlərlə insanın çalışdığı bir bazarın bağlanması işsizlik problemini ortalığa gətirəcək və alternativlərin zəifləməsinə səbəb olacaq. Yəni, vətəndaşlar çox zaman şənbə və bazar günləri həmin bazara üz tuturdular, daha keyfiyyətli, ucuz, yeni mallar almağa çalışırdılar. İndi  bu alternativ də olmayacaq və təbii ki, qiymətlərin az da olsa yüksəlməsinə səbəb olacaq bir şərait yarana bilər”. 

N. Cəfərli vurğulayıb ki, burada ən əsası işsizlik problemidir: "Minlərlə insanın işsiz qalması təbii ki, sosial problemlər yarada bilər. Alternativ olaraq nəsə təklif edilməlidir. İndi orada dövlət əhəmiyyətli infrastruktur keçəcək. Bu, aydındır. Amma ən azından alternativ olaraq başqa məkanlarda bazarların yaradılmasını təklif edə bilərlər”.

 Aytac Baxış,

Sitat.info



Xəbər xətti