"Milli valyutamızın dayanıqlılığına mənfi təsir göstərəcək bir təhlükə yoxdur”- İqtisadçıdan açıqlama
ABŞ dolları əsas səbət valyutaları qarşısında 20 illin maksimum səviyyəsinə çatıb. Dollar indeksi 1,16% artaraq 2002-ci ilin dekabrından bu yana ən yüksək göstərici olan 103,94-ə çatıb. Belə ki, səhm satışının aşağı düşməsi təhlükəsiz valyutaya tələbi artırıb. Həmçinin ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) pul siyasətini sərtləşdirəcəyi gözləntiləri də bahalaşmaya təsir edib. Maralıdır ki, bu dəyişiklik milli valyutamıza nə dərəcədə təsir göstərəcək?
Mövzuyla bağlı SİTAT.İNFO- ya açıqlama verən iqtisadçı alim Elşad Məmmədov bildirib ki, FED tərəfindən faiz dərəcəsinin sərtləşməsi praktiki olaraq , bu qurum tərəfindən pis və yaxud lap pis ssenarilər arasında seçim etməsi ilə bağlıdır: “Çünki, bundan sonra faiz dərəcəsinin yumuşaldılması və ya əvvəlki kimi qalması inflyasiyanın bir qədər də stimullaşdırılmasına şərait yarada bilər. Onsuz da biz görürük ki, inflyasiya istər ABŞ-da, istər avrozonaya daxil olan ölkələrdə, istərsə də bütövlükdə dünya miqyasında çox kritik həddə çatıb. Ona görə də artıq pul kütləsinin Amerika iqtisadiyyatına gəlməsi nə iqtisadi stimullaşdırma, nə də inflyasiya ilə mübarizə nöqteyi-nəzərindən real sektorun daha çox inkişafında effekt vermirdi. Əksinə pul kütləsinin artımı dünya miqyasında manitar inflyasiyanın artımına şərait yaradırdı”.
Elşad Məmmədovun sözlərinə görə, FED çox güman ki, pul siyasətini sərtləşdirməyə davam edəcək: "Amma, problem orasındadır ki, sərtləşmə də müsbət effekt verə bilməz. Çünki, dünya və ABŞ iqtisadiyyatındakı problemlər daha dərin struktur məzmunludur. Bir tərəfdən mailiyyə sektoru və real sektor arasında kəskin qeyri- tarazılıq, digər tərəfdən isə faktiki olaraq ABŞ iqtisadiyatının demək olar ki, real sektorunun kəskin şəkildə daralması onu şərtləndirdi ki, biz bütövlükdə dünya miqyasında qeyri- tarazılıqların daha da artmasının şahidi oluruq.
Belə ki, Qərb ölkələrində real sektor yönümlü sahələr iqtisadi baxımdan sürətlə tənəzzülə uğrayır, inkişaf isə cənub-şərqi Asiyaya istiqamətlənib. Bunun özü bütövlükdə dünyada qeyri-tarazılıqların dərinləşməsini şərtləndirir. Eyni zamanda nəqliyyat loqistik , istehsalat zəncirləri sınır. Çünki, qloballaşma tənəzzülə getdikcə sözsüz ki, istehsal və nəqliyyat- loqistika zəncirlərinin də sınması labüddür. Bütün bunlar struktur problemlərini dünya miqyasında dərinləşdirir. Faktiki olaraq FED pul siyasətini sərtləşdirsə də, sərtləşdirməsə də dünya iqtisadiyyatında hansısa dayanıqlı, müsbət effekti gözləmək zənnimcə qeyri- mümkündür”.
İqtisadçı alim dolların manat qarşısında bahalaşmasına toxunaraq, milli valyutamızın dayanıqlılığına mənfi təsir göstərəcək nə yaxın, nə də orta müddətli perspektivdə bir təhlükə olmadığını deyib: “Əgər Mərkəzi Bank adekvat kredit siyasəti apararsa, düşünürəm ki, manatın sabitliyini pozan hansısa risklər mövcud deyil. Avroya gəldikdə yenə də bu, Mərkəzi Bankın apardığı siyasətdən asılıdır. Çünki, milli valyutamızın sabit saxlanması üçün imkanlar var. Hesab edirəm ki, manat sabit saxlanmalıdır. Əgər avro ilə bağlı məzənnədə hansısa dəyişikliklər olarsa, artıq Mərkəzi Bank tərəfidən qəbul olunmuş inzibati qərarla bağlı olacaq. Fundamental iqtisadi amillər onu deməyə əsas verir ki,tam şəkildə milli valyutamızın istər dollara, istərsə də avroya qarşı sabit saxlanılması üçün ölkəmizdə müvafiq imkanlar mövcuddur".
Nigar Abuzər