“Elə bir gənc nəsil yetişdi ki, Qarabağ uğrunda ölümə gedirdilər...” İlham Əliyev

16:42 2 Fevral 2022

Elə bir gənc nəsil yetişdi ki, Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər. Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda sualları cavablandıran Prezident İlham Əliyev belə  deyib.

“Azərbaycanda 29 yaşına qədər insanlar gənclər sayılır. Əgər belə demək mümkündürsə, bu gün ən yaşlı gəncin mən Prezident vəzifəsinə birinci dəfə seçiləndə 11 yaşı var idi. Yəni, bu, reallıqdır. Mən çalışmışam ki, fəaliyyətim dövründə gənclərin tərbiyə olunması ilə bağlı daha çox işlər görək. Çox şadam, fəxr edirəm ki, Vətən uğurda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir. Çünki elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər və şəhid oldular, qazi oldular”, - deyə Prezident bildirib.

lham Əliyev deyib ki, vətənpərvər olmaq üçün hər bir insanın ürəyində Vətənə bağlılıq olmalıdır, sədaqət olmalıdır.Dövlət başçısının sözlərinə görə,  ancaq, eyni zamanda, hər bir insan, xüsusilə gənclər haqlı olaraq öz Vətəni ilə fəxr etməlidir.

“Müstəqilliyimizin 30 illiyini keçən il qeyd etmiş ölkə kimi bu gün biz deyə bilərik, elə ölkə yaratmışıq ki, hər bir vətəndaş bu ölkə ilə fəxr edə bilər. Çünki istənilən sahəyə baxdıqda görürük ki, doğrudan da böyük tarixi nailiyyətlərə imza atmışıq. Əlbəttə, problemlər də var, çatışmazlıqlar da var. Bu çatışmazlıqlarla mübarizə aparırıq və aparacağıq. Amma əgər ümumiyyətlə bu tarix kəsiyində bu dövrü təhlil etsək görərik ki, biz tarixi nailiyyətlərə imza atdıq”, - dövlət başçısı gənclərlə görüşündə deyib.

İlham Əliyevin sözlərinə görə, bu gün bizim qəhrəman gənclərimiz - dövlət tərəfindən yüksək orden, medallarla təltif edilmiş gənclərimiz gənc yaşlarında uşaqlar üçün nümunə olublar, 18, 20, 25, 30, 35 yaşında nümunə olublar: “Onlar bu məsuliyyəti dərk edirlər və həyatda özlərini elə aparmalıdırlar ki, bu yüksək məsuliyyət daim onların üzərində olsun, uşaqlar, yeniyetmələr onlara baxıb, onlar kimi olmaq istəsinlər. Müharibədə iştirak etmiş və qəhrəmanlıq göstərmiş on minlərlə Azərbaycan gəncinin üzərinə indi bax bu məsuliyyət düşür və əminəm ki, gənclər bunu dərk edir və öz əməlləri ilə yeni yetişən nəsil üçün də nümunə olacaqlar”. (Mənbə: AZƏRTAC)



Xəbər xətti