Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki...

13:45 11 Yanvar 2025

Zəngəzur dəhlizi son illərdə həm region dövlətlərinin, həm də beynəlxalq güclərin diqqət mərkəzindədir. Bu dəhlizin açılması təkcə iqtisadi deyil, həm də geosiyasi mənada böyük təsirlərə malikdir. Azərbaycan Prezidentinin son çıxışı da onu göstərdi ki, rəsmi Bakı üçün bu məsələ prioritet olaraq qalır. 

 Bu barədə Sitat.info-ya danışan siyasi şərhçi Elçin Xalidbəyli Zəngəzur dəhlizi ilə bağlı beynəlxalq güclərin planlarından və tutacaqları mövqedən danışıb, mövcud geosiyası durumu təhlil edib. 

"Zəngəzur dəhlizinin açılmasında maraqlı olan beynəlxalq güclərin sayı kifayət qədərdir. Böyük Britaniyadan Çinə qədər dəhlizin açılmasında maraqlı olan dövlətlər var. Çin və Orta Asiya ölkələri təbii ki, bu məsələdə maraqlı olan əsas dövlətlərdir. Onlar Zəngəzur dəhilizinin açılması ilə Avropa dövlətləri ilə iqtisadi-ticari nəqliyyat marşrutuna sahib olmağı düşünürlər",

E.Xalidbəylinin sözlərinə görə, bu məsələdə kifayət qədər ziddiyyətlər mövcuddur və ziddiyyətin əsas tərəfləri kimi Rusiya, ABŞ, Avropa Birliyi və Fransa çıxış edir: "Rusiya dəhlizin açılmasını istəyir və əsas hədəfi ondan ibarətdir ki, Zəngəzur dəhlizi Rusiya sərhəd qoşunlarının nəzarəti altında açılmış olsun. Yəni bu marşruta nəzarət etmək niyyətindədir. Lakin, ABŞ, Avropa Birliyi və Fransa Zəngəzur dəhlizinin Rusiyanın nəzarəti altında olmasını qəbul etmək istəmirlər. Buna görə də bir beynəlxalq şirkətin nəzarət etməsini variant olaraq ön plana çıxarırlar. Hazırda, Ermənistan geopolitik müstəmləkə olduğuna görə, ABŞ, AB və Fransanın təlimatlarından kənar addımlar ata bilmir. Bu məkrli üçlük Ermənistana Zəngəzur dəhlizinin üçtərəfli anlaşma çərçivəsində əldə olunmuş razılığa əsasən açılmasına əngəl törədir. Bu təzyiqlərə baxmayaraq, Azərbaycan və Türkiyə Zəngəzur dəhlizinin açılmasında israrlıdır və böyük ehtimalla  Azərbaycan və Türkiyənin Ermənistana  təzyiqləri güclənməyə başlayacaq. Geopolitik proseslərin istiqamətləri Ermənistanın əleyhinə işlədiyinə görə, rəsmi İrəvanda yaxın gələcəkdə Zəngəzur dəhlizinin Azərbaycan və Türkiyənin şərtləri daxilində açılmasına razılıq vermək məcburiyyətində qalacaq".

Siyasi şərhçi ABŞ, Avropa Birliyi və Fransanın hazırki vəziyyətindən danışıb, bunun dəhlizin açılması prosesinə təsirini şərh edib: "Hazırda ABŞ-da hakimiyyət dəyişib və Tramp administrasiyası üçün Ermənistan faktoru nisbətən arxa plana keçib. Eyni zamanda Avropa Birliyi də Ermənistana əvvəlki kimi dəstək verməyəcək. Üstəlik ABŞ və Avropa Birliyi arasındakı ziddiyyət Ermənistan məsələsini nisbətən arxa plana keçirmiş olacaq. Fransada isə vəziyyət gərginləşir. Makron hakimiyyəti nüfuzunu itirməkdədir. Fransa da dünyada nüfuzunu itirib, Afrikadan qovulur, Cənubi Qafqaza buraxılmır. Beynəlxalq proseslərdə Makronun səhvlərinə görə Fransanın təsir imkanları zəifləməyə başlayıb. Bunları nəzərə alaraq, nə ABŞ-nin, nə də Fransa və Avropa Birliyinin gələcəkdə Ermənistanı müdafiə etmək niyyəti görünür. Bu səbəblə Ermənistan Azərbaycan və Türkiyənin təzyiqləri qarşısında geri çəkilərək Zəngəzur dəhlizinin açılmasına razılıq vermək məcburiyyətində qalacaq"

Türkanə Muradlı
Sitat.info



Xəbər xətti