Rusiya prezidenti Putinin təbiricə desək, Rusiyanın Ukraynaya “hərbi əməliyyatı” 10 həftəfən çoxdur ki, davam edir. Bu müddətdə hər iki tərəf xeyli itki verib, ərazilər dağıntılara məruz qalıb.
Rusiya prezidenti çıxışı zamanı bildirib ki, Rusiyanın atdığı hər bir addım öz ölkəsinin suverenliyini, təhlükəsizliyini təmin etmək məqsədilə aparılır.
Sual olunur ki, bu müharibədə Rusiyaya həqiqətən də böyük təhlükə var idimi? NATO-nun üzvü olan ölkələrdən Rusiyaya bu günə qədər hansı təhdidlər gəlib?
Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Xəyal Bəşirov bildirdi ki, Rusiya rəsmiləri atdığı addımları ölkənin təhlükəsizliyini təmin etmə bəhanəsi ilə əlaqələndirirlər: “ Beynəlxalq hüququn normalarına uyğun olaraq hər bir dövlət öz suveren ərziləri çərçivəsində istənilən addımı ata bilər. Bu atılan addımlar da digər dövlətlərin təhlükəsizliyinə təhdid yaratmamalıdır.
Biz bilirik ki, SSRİ ilə Qərb arasında vaxtilə imperialist maraqlar uğrunda mübarizələr gedib, bu özünü soyuq müharibə dövründə açıq şəkildə göstərib və bu müharibə NATO-nun qələbəsi ilə yekunlaşdı. Tarixə nəzər yetirsək görərik ki, 1949-cu ildə NATO kommunist rejminə qarşı yarandı. Buna cavab olaraq Sovetlər Birliyi 1955-cı ildə Varşava Paktını yaratdı və onlar arasında imperalist mübarizələr gedib. Bu gün də o mübarizə Sovetlər Birliyinin hüquqi varisi olan Rusiyanın simasında aprılır”.
Xəyal Bəşirovun fikirlərinə əsasən, bu iki beynəlxalq siyasi qüvvə imperialist maraqları baxımından bu təhdidləri daim hiss etdirirlər: “1962-ci ildə Karib böhranı zamanı da görmüşdük. Eləcə də digər ərazilərində iki dünya qütbü arasında mübarizəni görmüşdük. Bu maraqlardan çıxış edən Rusiya hakimiyyəti, Rusiyaya sərhəd olan istənilən ərazilərdə NATO-nun hansısa bir addımını özünə qarşı təhlükə kimi görür. Onlar həmçinin bunu 1947-ci ildən sonra NATO-nun Rusiyaya qarşı genişlənmiş təhdidi kimi düşünürlər.
Şərqi Avropa ölkələrinin genişlənməsini Rusiya özünə təhlükə hesab edir. Məsələn Finlandiyanın, İsveçin NATO-ya qəbul olunması Rusiyanı narahat edir. Bu istiqamətdə özlərinin müvafiq addım atacaqlarını da bəyan ediblər”.
Politoloq qeyd etdi ki, NATO deyiləndə Rusiya NATO-nun siravi üzvlərini nəzərdə tutmur, söz və güc sahibi olan dövlətləri, xüsusən də ABŞ və Böyük Britaniyanı nəzərdə tutur: “Hesab edirəm ki, Rusiyanın sərhədləri istiqamətində NATO-nun genişlənməsi bir sıra dövlətlərin əsasəndə Ukrayna kimi dövlətin qurbana çevrilməsinə gətirib çıxartdı. Çox təəssüf ki bu imperialist maraqların fonunda Ukrayna dövləti darmadağın olub, əsas şəhərləri müharibə meydanına çevrilib, əhalisi qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Rusiya ilə Qərb dünyası arasında , ABŞ və Böyük Britaniyanın rəhbərlik etdiyi kollektiv Qərb arasında gedən imperialist maraqlar uğrunda mübarizənin nəticəsidir. Hesab edirəm ki, bu gün Rusiya Ukrayna ərazisindən ona doğru atılan addıma müvafiq cavabı verəcək. Çünki, tərəflər arasında bütün münasibətlər pozulub. Gələcəkdə biz digər dövlətlərin ərazisində də bu kimi hadisələrin şahidi ola bilərik. İmperialist maraqlardan hər iki tərəf vazkeçməli, Rusiyanın digər dövlətlərin suverən ərazisinə qanunsuz müdaxilisinə son qoyulmalıdır. Bu da ancaq sülh yolu ilə olmalıdır”.
Safura Bənnayeva
SİTAT.İNFO