44 günlük Vətən müharibəsində ordumuzun qazandığı qələbədən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 10 noyabr üçtərəfli razılaşması imzalandı. Bu məsələdə insanları narahat edən bir neçə məqam var ki, onlardan ikisi xüsusi diqqət çəkir.
Birincisi, Qarabağda seperatçıların hələ də mövcud olması, ikincisi isə Qazaxın 7 kəndinin və Naxçıvanın bir kəndinin qaytarılmamasıdır. 8 kəndin qaytarılması üçtərəfli görüşlərdə müzakirə edilmir.
Vətəndaşları düşündürən sual isə budur ki, sülh sazişi imzalananda bu məsələ də daxil ediləcəkmi?
Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən politoloq Şahin Cəfərlinin fikrincə, Ermənistan kəndlərin geri verilməsi şərtinə əməl etmək istəmir: “Azərbaycanın sərhəd xəttində işgal olunmuş kəndlərinin geri qaytarılması məsələsi Azərbaycan- Ermənistan dövlət sərhədlərinin delmitasiyası və demorkasiyası prosesində gündəmə gələcək. Amma burada hələki, bir qeyri-müəyyən məqam var. Çünki, bizim tərəfdən də sərhəddə müharibə zamanı ələ keçirilən Gədəbəydə Başkənd adlanan erməni kəndi var. Çox güman ki, bu kəndin geri qaytarılmasını erməni tərəfi gündəmə gətirəcək. Bu məsələnin necə həll olunacağı açığı hələ ki, aydın deyil. Yəni, müşahidələrimə görə erməni tərəfinin mövqeyi bundan ibarətdir ki, necə varsa elə də qalsin. Yəni ki, iki tərəfin də əlindəki kəndlər olduğu kimi saxlanılsın".
Hərbi ekspert Ədalət Verdiyev isə SİTAT.İNFO-ya açıqlamasında isə qeyd etdi ki, Qazaxın 7 kəndinin qaytarılması məsələsi müsbət həllini tapmasa, Azərbaycan bunu birgə bəyanatın şərtlərinin yerinə yetirilməməsi kimi dəyərləndirə bilər:
“Sərhədlərin delimitasiyası prosesində həm də daha əvvəlki illərin xəritələrindən istifadə ediləcək. Azərbaycanın işgal altında olan bütün torpaqlarının qaytarılması təbii ki, həyata keçirilməlidir. Hazırda bu prosesləri ermənilər süni olaraq ləngitsə də, Azərbaycan bu istiqamətdə fəaliyyətləri sürətləndirmək üçün əlində olan müəyyən təzyiq və təsir mexanizmlərindən istifadə edir. Yəqin ki, bu il ərzində bu məsələ müsbət həllini tapacaq, əgər tapmazsa, Azərbaycan bunu birgə bəyanatın şərtlərinin yerinə yetirilməməsi kimi dəyərləndirə bilər. Bu isə rəsmi Bakının birgə bəyanatdan rəsmi imzasını geri çəkməsi demək olar. İndiki vəziyyətdə bu, nə Rusiyaya, nə də Ermənistana sərfəli deyil".
Qeyd edək ki, bu gün məsələ ilə bağlı rəsmi açıqlama da verilib.
APA-ya açıqlama verən Xarici İşlər Nazirinin müavini Xələf Xələfov bildirib ki, Qazax rayonunun 7 kəndi və Kərki ilə bağlı məsələ delimitasiya prosesi çərçivəsində həllini tapmalıdır: “Ermənistan heç vaxt bəyan edə bilməz ki, bu ərazilər Azərbaycan ərazisi deyil. Bu ərizələr Azərbaycan ərazisidir. Bu ərazilərin Azərbaycanın tərkibinə qaytarılması delimitasiya prosesi tələb etdiyi üçün məsələyə bu çərçivədə baxılacaq. Bu ərazilərin Azərbaycanın tərkibinə keçməsi müzakirə olunub öz həllini tapacaq”.
Lamiyə Xəqani
SİTAT.İNFO