“Dayanıqlı və etibarlı investisiya aləti kimi elektron qızılı yox, fiziki qızlı nəzərdə tutmaq lazımdır”
Qızıl hər zaman insanlar üçün ən dəyərli və etibarlı yatırım vasitəsi olub. Bəs indi qızıl yaxşı yatırım vasitəsidirmi?
Bu haqda SİTAT.İNFO-ya açıqlama verən iqtisadçı alim Elşad Məmmədov bildirdi ki, hazırki qeyri-müəyyən iqtisadi şəraitdə qızıla edilmiş yatırımlar ən dayanıqlı, ən etibarlı investisiyalar kimi dəyərləndirilməlidir: "Son aylarda qızılın qiymətlərində dəyişikliklər olur. Müəyyən dövr ərzində qiymətlərin azalması ilə bağlı korreksiyalar edilib. Son nəticədə uzunmüddətli trendlər nöqteyi-nəzərindən qeyri- müəyyən bazar şəraitində qızıl etibarlı və dayanıqlı investisiya aləti kimi çıxış edir. Şübhəsiz ki, qısa müddət ərzində böyük dividentlər əldə etmək hədəf kimi götürülmürsə, spekulyativ deyil. Dayanıqlı investisiya alətlərinə istiqamətlənmək səyləri prioritet təşkil edirsə, qızıla yatırımların edilməsində effektivlik yüksək səviyyədədir.
İqtisadçı alim onu da bildirdi ki, dünyada fiziki qızılın əldə olunması ilə bağlı kifayət qədər böyük problemlər var: " Çünki birjalarda satılan əksər hallarda elektron qızıldır. O, sözsüz ki, fiziki qızıl qədər etibarlı və dayanıqlı investisiya aləti sayıla bilməz. Şübhəsiz ki, spekulyativ amillər mövcuddur. Ona görə bu amilə də toxunmaq lazımdır ki, dayanıqlı və etibarlı investisiya aləti kimi elektron qızılı yox, fiziki qızlı nəzərdə tutmaq lazımdır”.
Qızılın qiymətinə təsir edən amillər nələrdir?
Bu sualı cavablandıran iqtisadçı ekspert Elşən Bağırzadə isə vurğuladı ki, qızıl, hələ də etibarlı yığım və ya investisiya vasitəsi olma xüsusiyyətini qoruyub saxlayır: "Qızılın dünya bazar qiymətlərinə bir çox amillər təsir göstərir. Bunların arasında qlobal inflyasiya səviyyəsi, ABŞ dövlət istiqrazlarının gəlirlilik səviyyəsi, dollar/avro pariteti və ya dollar indeksi, ABŞ inflyasiya səviyyəsi, ABŞ-ın real faiz dərəcələri, xam neft və təbii qazın qiymətləri, gümüş və mis qiymətləri kimi amillər adətən daha önəmli hesab edilirlər. Qızıl, xüsusilə də böhran dövrlərində daha çox yığım və ya investisiya vasitəsi kimi çıxış edir və qiymətləri də yüksəlir. Məsələn, pandemiya illərində qızıl qiymətləri ciddi yüksəldi. 2008-ci il dünya böhranı vaxtı da qızıl qiymətlərinin ciddi yüksəlişinin şahidi olduq. Cari ilin əvvəlindən də qızıl qiymətləri yüksəlməyə başladı, ancaq ABŞ Federal Ehtiyatlar Sisteminin monetar siyasəti sərtləşdirməyə başlaması ilə mart ayından qızıl qiymətlərində müəyyən azalmalar müşahidə edilir. Hazırda da qızıl bazarı ABŞ-da açıqlanacaq aprel ayı inflyasiya səviyyəsini gözləyir. Əgər açıqlanacaq inflyasiya səviyyəsi bazarın gözlədiyi 8,1% səviyyəsindən yüksək olarsa, bu qızılın qiymətinin aşağı düşməsini sürətləndirəcək. 8,1%-dən aşağı bir inflyasiya səviyyəsi açıqlandığı halda isə, qızıl qiymətləri bir qədər də möhkəmlənə bilər. Bu nə ilə bağlıdır? Əgər inflyasiya səviyyəsi gözlənilənin üstündə çıxarsa, bu bazarda ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) monetar siyasəti daha da sərtləşdirəcəyi gözləntisi yaradacaq. Bu isə ABŞ dövlət istiqrazlarının gəlirlilik səviyyəsinin yüksəlməsi, dollar indeksinin yüksəlməsi deməkdir. Nəticədə tərs korrelyasiya təsiri ilə qızıl qiymətləri də müəyyən qədər aşağı düşə bilər. Ancaq ümumilikdə qızılın hələ uzun müddət investisiya vasitəsi kimi mövqeyini qoruyub saxlayacağını düşünürəm”.
Günel Xəyyam
SİTAT.İNFO