Kreml Ukraynada məğlub olsa Moldova bu dövlətlə birləşə bilər: Hədəfdə Kişinyovdur!

16:55 12 May 2022

Rusiyanın Ukraynada apardığı işğalçı müharibə rəsmi Kremlin gücünü günbəgün tükədir. Rəsmi Moskva müharibəni inadla davam etdirmək istəsə də muharibənin uzanması Kremlə əlavə problem yaradır.

Bundan başqa, Rusiyanın Ukrayna müharibəsində məğlub olması arxa baxçası adlandırdığı bir çox regionda, konkret ölkələrdə nüfuzunu itirməsi ilə nəticələnə bilər. Belə ölkələrdən biri də Moldovadır. Rusiyanın Ukraynada məğlub olub geri çəkilməsi ən çox Moldovanın maraqlarına uyğundur. Belə ki, rəsmi Kişinyov Ukrayna müharibəsi gedişində Kremlin ehtimal hədəf ölkələrindədir.

Hətta bir müddət öncə Moldovanın Dnestryanı bölgəsində separatçı respublikanın paytaxtı Tiraspol şəhərində, "dövlət təhlükəsizlik nazirliyi"nin binası yaxınlığında partlayış baş vermişdi. Hadisə sonrasında Moldova Prezidenti Maya Sandu Dnestryanıda baş verən hadisələrlə bağlı Təhlükəsizlik Şurasının iclasını çağırmış, Rusiya silahlı bölmələri isə tanınmamış Dnestryanıda tam döyüş hazırlığı vəziyyətinə gətirilmişdi. Rusiya keçmiş MDB ölkələri içərisində ən çox Moldovaya təsir etmək gücünə sahibdir.

Belə ki, Moskva Kişinyova tanınmamış Dnesteryanı Qaqauziya və ya daxildəki rus meyilli qüvvələr üzərindən uzun illərdir təzyiq edir. Bu mənada Rusiyanın Ukrayna ilə müharibədə məğlub olması ya da “pir qələbəsi“qazanması Kişinyovun maraqlarına uyğundur. Kremlin təzyiqi olmasa Unionizm hərəkətı qalib gələr! Unionizim hərkatı çox bilinməsədə dünyanın ən köklü hərəkatlarındandır. Rumın dilində “Unirea” birlik deməkdir. Rumıniya və Moldovanın birləşməsi, ya da unionizm hərəkatı, Moldova və Rumıniyanın müasir dövlətlərində fərqli xüsusiyyətlərə və fərqli dəstək səviyyələrinə sahib olan ictimai və siyasi-iqtisadi hərəkatdır. Bu ideya uzun bir tarixə sahibdir və XIV əsrdə ilk orta əsr Dunay knyazlıqlarının yaranmasından ta bu günə qədər davam edir.

Prinsip etibarilə moldovan deyə bir xalq yoxdur. Bu gün özünü moldovan adlandıranlar əslində rumınlar ilə eyni millətdir. 1918-ci ildə Kişinyovda yerləşən yerli idarəetmə orqanı qonşu ölkə ilə birləşmə qərarı verdikdən sonra Rumıniya ordusu Moldovaya daxil olub.

1940-cı ilin iyununda Sovet İttifaqı Moldovanı öz ərazisinə qatsa da, 1991-ci ildə Kişinyov müstəqilliyini qazana bilib. Moldova müstəqil olduqdan sonra bu bir millətin iki dövlətinin birləşməsi yenidən gündəmə gəldi. Panrumınizm hərəkatı hər iki dövlətin siyasi ritorikasında əsas yeri tuturdu. Dövlətin rəsmi dövlət dili rumın dili, rəsmi dövlət valyutası isə leu olan Rumıniya və Moldovada XX əsrin sonlarına yaxın birləşmə hərəkatı bir qədər zəifləsə də XXI əsin ikinci onilliyində yenidən gücləndi. Rumınlar Moldova ilə birləşmənin və Moldavanın Avropa İttifaqına inteqrasiyasının tərəfdarıdırlar.

Hətta 2018-ci ildə Rumıniya Parlamenti tarixən “Bessarabiya” kimi tanınan bugünkü Moldova torpaqlarının Rumıniya ilə birləşməsinin 100-cü ildönümü münasibətilə keçirdiyi birgə anma toplantısında Moldova ilə inteqrasiya niyyəti haqqında deklarasiyanı açıqca elan etdi. Moldovada isə vəziyyət bir qədər fərqlidir. Belə ki, moldovanlar əsrlərlə davam edən rus işğalının nəticəsi kimi bu birləşməyə rumınlar qədər maraq göstərmirlər. Eks-prezident İqor Dodon hakimiyyəti dövründə moldovanların təxminən 60 faizi birləşmə əleyhinə idi və ruspərəst mövqe sərgiləyirdi. Moldovanın indiki Prezidenti xanım Maya Sandu isə Rusiyanın Ukraynada başlatdığı işğalçı müharibəyə qədər bu məsələdə neytral mövqe sərgiləyirdi. Misal üçün xanım Sandu Rusiya-Ukrayna müharibəsi öncəsi Jurnal TV telekanalına müsahibəsi zamanı iki ölkənin birləşməsinin mümkünlüyü ilə bağlı sualı cavablandıran zaman demişdi ki “Bu, yalnız xalqın dəstəyi ilə mümkündür. Hələ ki, xalq bunu istəmir və ya həmin hədəfi dəstəkləyən kritik kütlə hələ formalaşmayıb”.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi sonrası Kişinyovun da ehtimal hədəf olması xanım Sandu başda olmaqla, bir çox siyasi elita nümayəndəsinin Unionizm hərəkatına yanaşmasını dəyişdi. Hətta moldovanın sabiq baş naziri Yuri Lyanke Moldovanın hərbi təhlükəyə qarşı NATO və Avropa İttifaqının müdafiəsini təmin etməsi üçün Rumıniya ilə birləşməli olduğunu deyib. Moldova qanunvericiliyə görə, belə məsələlər respublika referendumuna çıxarılmalıdır. Sandu nədən ehtiyat edir? Hesab edirəm indiki məqamda xanım Sandunu narahat edən bir sıra məqamlar var: Birincisi, aydındır ki, Rumıniya və Moldovanın yenidən birləşməsinin öz xərcləri var. Moldova isə belə bir xərci qarşılayacaq iqtisadiyyata sahib deyil. Rəsmi statistikaya görə, Moldova Avropanın ən kasıb ölkələrindəndir.

Lakin Moldovanın Rumıniyaya birləşməsinin faydaları da var. Belə ki, Moldova və Rumıniyanın birləşməsi ilk növbə də əhalinin artımının 1/6 çoxalmasına gətirib çıxara bilər. İqtisadi baxımdan isə bu birləşmə illik 1,5-2% ümumi isə 4% iqtisadi artıma səbəb ola bilər. Bundan başqa Moldovanın Rumıniyaya birləşməsi investisiya cəlbediciliyinin artması, daxili bazarın böyüməsi bankların və iri biznes şirkətlərinin genişləndirilməsi ilə də nəticələnə bilər. İkincisi, mümkündür ki, xanım Sandu bu müsbət dividentləri bilir, lakin daha ciddi risklərdən ehtiyat edir. İndiki məqamda ən çətin məsələ Dnestryanı və Qaqauziyadır. Kremlin belə bir birləşməyə razı olmayacağı açıqca ortadadır. Xüsusilə bu narazılığını qaqauzlar üzərindən sərgiləyir. Qaqauzlar Moldovanın Rumıniyaya birləşmsi halında öz müqəddaratını təyin edəcəyinə dair Kişinyova bir neçə dəfə xəbərdarlıq edib. Bütün bunlara baxmayaraq Rusiyanın Ukrayna ilə müharibədə qələbə qazanması mümkün görünmür. Kreml hər gün gücünü biraz da tükədir. Rusiya müharibədə məğlub olsa bu gün Baltik ölkələri və Polşada olduğu kimi Ukrayna və Moldovaya da təzyiq imkanları zəifləyəcək. Bu isə rumınlara tarixi birləşmə üçün ən ideal fürsəti verəcək.

Turan Rzayev

SİTAT.İNFO



Xəbər xətti