Nərgiz Liftiyevadan Azərbaycan-Türkiyə Media Platformasının gələcək hədəfləri ilə bağlı TƏKLİFLƏR

16:44 19 Fevral 2025

“Artıq Türkiyə ilə Azərbaycan media qurumları arasında əməkdaşlığın alt yapısı hazırdır. İndi rəsmi və siyasi müstəvidən daha alt səviyyəyə enib, birbaşa cəmiyyətə xitab edən sosial- mədəni müstəvidə layihələrin həyata keçirilməsinə, effektiv proqramların hazırlanmasına ehtiyac var”.

Bu fikirləri Sitat.info saytının baş redaktoru Nərgiz Liftiyeva bu gün Sosial Tədqiqatlar Mərkəzində Azərbaycan və Türkiyə arasında “Media Məkanında Strateji Əməkdaşlıq Memorandumu”nun 5 ili: Birgə Fəaliyyətə Baxış, Gələcək Hədəflər” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı səsləndirib.

Ötən 5 il ərzində görülən işlərin önəmini vurğulayan media rəhbəri, özəlliklə hər iki ölkə üçün tarixi sınaq olan mərhələlərdə - 44 günlük Vətən müharibəsi günlərində, Türkiyədə yaşanan “əsrin fəlakəti” zamanı və digər mühüm zamanlarda bu media platformasının sinxron fəaliyyətinin, qarşılıqlı informasiya dəstəyinin olduqca uğurlu olduğunu vurğulayıb.

N.Liftiyeva eyni zamanda Türkiyə-Azərbaycan Birgə Media Platformasının bundan sonrakı dövrlərdə görməli olduğu işlərə toxunub: “Bu əməkdaşlıq əsasən hər iki ölkənin nəhəng media qurumları arasındadır və yetərincə nailiyyətlər əldə olunub. Ancaq nisbətən kiçik və çoxsaylı media qurumları arasında da əməkdaşlıqların yaradılması, onlardan ibarət işçi qrupların formalaşdırılması, ortaq yayımların, paylaşımların həyata keçirilməsi qeyri-rəsmi formatda iki cəmiyyətin qarşılıqlı inteqrasiyasına daha çox fayda verə bilər. Bu gün sosial media dövründə təkcə televiziya kanalları deyil, yerli media qurumlarının kütləvi izlənən sosial media hesabları və internet televiziyalar üzərindən də müvafiq fəaliyyətin həyata keçirilməsinə ehtiyac var.

Qardaş ölkə xalqları arasında dərin sevgi və möhkəm tarixi bağların olmasına baxmayaraq, Türkiyə ictimaiyyətində Azərbaycan cəmiyyəti, mədəniyyəti, mətbəxi, sosial -mədəni həyatı ilə bağlı aydın təsəvvür yoxdur. Hələ də ölkəmizə gələn jurnalist və blogerlər burada gördükləri xoş münasibətə, müsiqimizə, milli mədəniyyətimizə, mətbəximizə baxıb təəccüblənirlər. Bu təəccüb müsbət istiqamətdə olduğu üçün bizi sevindirir, ancaq həm də ondan xəbər verir ki, yetərincə informasiya yoxdur. Azərbaycanda da bəzi sosial qruplar haqqında eyni sözləri demək olar. Deməli, ortaq media platforması çərçivəsində daha çox işlər görülməlidir. Artıq informasiya siyasəti rəsmi səviyyələrlə yanaşı küçə sorğularına, qardaşlarımızın təbirincə desək “sokak reportajlarına” qədər enməli, cəmiyyətin içində olmalıdır. Eyni mövzu həm Türkiyədə, həm Azərbaycanda işlənərək birgə materiallar hazırlana və Media Platformasına qoşulan qurumlarda eyni vaxtda yayımlana bilər. Türkiyədə sosial media olaraq Twitter, Azərbaycanda isə Facebook, Tiktok və İnstagramın daha populyar sosial şəbəkə olduğunu nəzərə alsaq, fərqli platformalarda yayımla bağlı media qurumları arasında mübadilə həyata keçirilə bilər. Ortaq sosial media platforması üçün isə Youtube ideal variant olaraq görünməkdədir. Bu gün iki ölkə münasibətlərinə qarşı əsas provakasiyalar və dezinformasiyalar sosial şəbəkələr üzərindən gəlir. Buna qarşı mübarizə yalnız dövlət televiziyalarında aparılarsa, yetərincə əhəmiyyətli və ünvanlı ola bilməz. Bu mənada sosial media qruplarının formalaşdırılması da olduqca önəmlidir”.

Media rəhbəri təkliflərini də qeyd edib: “İlk növbədə Türkiyə-Azərbaycan Birgə Media Platformasının “Etik dəyərləri və  prinsipləri” hazırlana bilər. Hazırki  informasiya savaşında qlobal media dəyərləri ilə yanaşı, Türk dünyasının ortaq maraqlarına zidd informasiyaların qarşısının alınması üçün Media Platformasının etik prinsiplərinin hazırlanması məqsədəuyğun olar. Bu sənəd dezinformasiyaların, ajiotaj yaradacaq məlumatların qarşısını almaqda təsirli ola bilər. 

İkinci təklifim, Türkiyə və Azərbaycan türkcəsində proqramların hər iki ölkə mediasında tərcüməsiz yayımlanmasıdır. Paralel olaraq ortaq türkcəyə keçid yolundaykən, hər iki dildə sözlərin qarşılaşdırılaraq alınma sözlərin türkcə qarşılığı ilə əvəzlənməsi və mediada istifadəsi ilə bağlı işin aparılmasıdır.

Üçüncüsü, jurnalistlərin qarşılıqlı səfərlərinin artırılması, birgə təlimlərin təşkili, müxtəlif mövzularda sənədli filmlərin, reportajların hazırlanması həyata keçirilə bilər.

Dördüncüsü, Media Platformasının həştəqlərinin yaradılması və bu çərçivədə hazırlanan media materiallarının vahid həştəqlərlə sosial mediada sistemləşdirilməsidir.

Beşincisi, hər iki ölkədən müəyyən sayda media qurumunun vatsapp və telegram qruplarda bir araya gələrək, hazırlanmış materialların paylaşımına dəstək verməsi, daha geniş auditoriyaya sahib olmaq baxımından önəmlidir.

Altıncısı və ən önəmlisi isə odur ki, Türkiyə televiziya proqramları və film-serial sahəsində təkcə Azərbaycanda deyil, dünyanın əksər nöqtələrində böyük auditoriyaya və təsir gücünə malikdir. Bunu qardaş Türkiyənin uğuru kimi dəyərləndirmək lazımdır və bu baxımdan informasiya mübadiləsində disbalansın olması anlaşılandır. Azərbaycan mediası, film sektoru da bu boşluğun aradan qaldırılması üçün keyfiyyətli materiallar hazırlayıb qardaş ölkə cəmiyyətinə xitab etməyə çalışmalıdır. Bu isə birbaşa dövlət siyasəti və dövlət dəstəyi ilə həyata keçirilə bilər".

N.Liftiyeva sonda onu da qeyd edib ki, Azərbaycan və Türkiyə Türk Dövlətləri Təşkilatının lokomotividir. Birgə Media Platforması da gələcəkdə Türk dövlətlərinin vahid media platformasının özəyi olacaq. Bu mənada görülən işlərin tarixi əhəmiyyətə malik olduğunu deməyi də borc bilirik".

Sitat.info




Xəbər xətti