Türkiyənin “Maşınqayırma və Kimya Sənayesi” şirkəti “Yavuz” adlı haubitsaları hazır vəziyyətə gətirib.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Adıçəkilən hərbi texnikanın ixracı üçün aparılan danışıqlar da yekunlaşıb.
“Yavuz”lar həm ölkə daxilində, həm də sərhədyanı əməliyyatlarda istifadə ediləcək. Bu texnikalar “Fırtına” haubitsaları kimi 155 mm-lik 52 kalibrli silah sisteminə malikdir.
“Yavuz” sistemi üçün istifadə olunan nəqliyyat vasitəsi tamamilə zirehli olaraq hazırlanıb. Sistemin atəşə hazırlaşması maksimum 1 dəqiqə, atışı tamamlayıb, mövqeyi dəyişməsi isə maksimum 2 dəqiqə çəkir. Avtomobil iki kabinəlidir və 5 ekipaj üzvünü daşımaq qabiliyyətinə malikdir. Maksimal sürəti isə saatda 90 kilometrə qədər artır. “Yavuz” haubitsaları eyni anda 3 fərqli sursatla eyni mövqeni vura bilir.
Bundan başqa, MOD-274 raketləri ilə təchiz olunmuş, 40 kilometr mənzilli “Yavuz”lar 1 dəqiqə ərzində 4-6 atəş açmaq qabiliyyətinə də malikdir.