Son vaxtlar mənzil bazarında müəyyən canlanma yaşanmaqla yanaşı, evlərin qiymətində də nəzərə çarpan bahalaşma hiss olunur. Mənzil bazarında apardığımız araşdırmadan məlum oldu ki, xüsusilə ipotekla ilə satılan evlərdə qiymət artımı, mənzillərin qiymətinin əlçatan olmaması Bakıətrafı qəsəbələrdə həyət evlərinə tələbatı artırıb ki, bu da bahalaşma ilə nəticələnib.
Belə ki, həm torpağın qiymətindəki artım, həm tikinti materialları bazarında daş və sementin bahalaşması, eyni zamanda hökumətin son qərarlarından sonra tikintiyə icazə və kommunal xətlərin çəkilməsi ilə bağlı qaydaların sərtləşməsi, sənədsiz tikililərə qaz çəkilişinə tətbiq olunan qadağa hazır evlərə tələbatı artırıb. Belə ki, artıq sıfırdan evin tikilməsi də sərfəli variant olmaqdan çıxıb. Nəticədə alıcılar daha çox yaşayışa hazır vəziyyətdə olan həyət evlərinə üstünlük verirlər.
Ev-alqı satqısı ilə məşğul olanlar hesab edirlər ki, qiymət artımının bundan sonra da davam edəcəyi gözlənilir. Çünki hazırda Bakının mərkəzində köhnə binaların sökülməsi, o cümlədən bir neçə istiqamətdə söküntü işlərinin planlaşdırılması mənzil bazarında tələbatın artmasına səbəb olacaq. Məlumata görə, hətta bəzi maklerlər mənzil satışını müəyyən müddətə qədər təxirə salaraq, qiymətlərin bir qədər də artmasını gözləyirlər.
Sitat.info