Gəncəni vurmaq əmrini o verib - Mnatsakanyan

22:57 17 Mart 2025

Azərbaycana qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşları Araik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Davit İşxanyan, Davit Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə məhkəmə prosesinin baxış iclası martın 17-də davam etdirilib.

Sitat.info xəbər verir ki, budəfəki məhkəmə prosesində təqsirləndirilən şəxs Levon Mnatsakanyana dövlət ittihamını müdafiə edən prokurorlar, zərərçəkmiş şəxslərin nümayəndələri və müdafiəçiləri tərəfindən suallar verilib.

Levon Mnatsakanyan deyib ki, Azərbaycanın işğal edilmiş ərazilərində İsgəndər-M,Toçka-U və “Smerç” silahları olmayıb.

Bundan başqa, dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavab verən Mnatsakanyan qondarma rejimin “müdafiə naziri” olduğu vaxt, ondan əvvəl və sonra işğal altındakı ərazilərdə bu silahları görmədiyini bildirib.

O, Gəncə, Bərdə və digər ərazilərdə dinc əhalinin raket atəşinə tutulması barədə əmrin kim tərəfindən verilməsi barədə də prokurorların suallarını cavablandırıb və deyib ki, bu cür atəşlərin açılması üçün əmri Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi verə bilərdi. “Baş Qərargah rəisi əgər əmr verə bilirsə, əmri verməzdən əvvəl ölkə rəhbərliyində kiminlə razılaşdırmalı idi?” sualına isə L.Mnatsakanyan “Müharibə zamanı Baş Qərargah rəisi bir nəfərə tabe olur, ölkənin rəhbərinə”.

“Ölkənin rəhbəri” deyəndə, Ermənistanda kim nəzərdə tutulur?” sualına isə təqsirləndirilən şəxs, “Ermənistanda Baş nazirdir. Həmin vaxt Baş Qərargah rəisi Onik Qasparyan, Baş nazir isə Nikol Paşinyan idi” cavabını verib.

O, həmin raketlərin hədəfdən yayınma ehtimalının təxminən 5-10 metr olduğunu deyib.

Prokurorun, “Sizcə, 44 günlük müharibə zamanı Gəncə, Bərdə və digər ərazilərdə mülki insanların öldürülməsi raketlərin hədəfdən yayınması nəticəsində olub, yoxsa hədəflər qəsdən seçilib?” sualına isə belə cavab verib: “Bir neçə dəfə olubsa, aydın məsələdir ki, nədir. Bir dəfədirsə, təsadüfdür, bir neçə dəfədirsə, təsadüf deyil… Bilmirəm”.



Xəbər xətti