Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib.
Bu barədə o, sosial şəbəkə hesabında yazıb.
“Ermənistan-Azərbaycan sülh sazişinin layihəsi razılaşdırılıb və imzalanmağı gözləyir. Mən Azərbaycan Prezidenti İlham Əliyevə razılaşdırılmış sülh sazişi layihəsinin imzalanması ilə bağlı birgə məsləhətləşmələrə başlamağı təklif edirəm”, - Paşinyan bildirib.
Xatırladaq ki, martın 18-də Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan Baş nazirinin ofisinin sərhəddə atışmalar və digər anti-Azərbaycan iddiaları ilə bağlı bəyanatına münasibət bildirərkən qeyd edib ki, əgər Ermənistan hökuməti, sülh gündəmini rəhbər tutursa, o zaman sərhədyanı ərazilərdə hücum silahlarının yerləşdirilməsi də daxil olmaqla kütləvi hərbiləşmənin Ermənistanın belə bir gündəliyinə necə xidmət etdiyi barədə izahat verməsi yerinə düşər.
XİN-in sözçüsü bildirib ki, eyni zamanda, Azərbaycana qarşı ərazi iddialarına son qoymaq üçün konstitusiyaya dəyişiklik edilməsi barədə uzun müddət bundan əvvəl irəli sürülmüş tələbimizdən xəbərdar olmasına baxmayaraq, Ermənistanın bu çağırışa məhəl qoymaması olduqca narahatlıq doğurur.
“Danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanın prinsipial mövqeyini bir daha diqqətə çatdırırıq. Bununla yanaşı, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyini vurğulayırıq”, - Hacızadə qeyd edib.(yeniavaz.com)