"Paşinyanın şantaj siyasəti işə yaradı, Putin İrəvan küçələrini təmizlədi" - Elşad Paşasoydan AÇIQLAMA

14:43 17 May 2022

"Ermənistanın baş naziri Nikol Paşinyan son bir ayda ikinci dəfə Moskvaya səfər etdi. Budəfəki səfər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin liderlərinin görüşü və MDB-nin yaradılmasının 30 illik yubileyinə həsr olunsa da, əslində məqsəd-məram eyni idi. Qərblə Rusiya arasında vurnuxan erməni baş nazir Azərbaycandan nələrsə qoparmaq üçün çalışır və bu mənada hər yola əl atır". 

Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında siyasi şərhçi Elşad Paşasoy deyib. 

Onun sözlərinə görə, MDB-nin toplantısında Paşinyanın cəsarətli çıxışı d Putinin planıdır: "Təsadüfi deyil ki, MDB-nin yubiley toplantısında Paşinyan bu qurumun KTMT-dəki üzvlərini – Rusiya xaric, o da təbii ki, qorxusundan – Azərbaycana münasibətdə sərt münasibət tutmadıqlarına görə tənqid etmək cəsarəti sərgilədi. Heç şübhəsiz ki, bu, icazəli cəsarət idi və prezident Putindən alınmışdı. Rusiya lideri hazırda Nikol Paşinyana boy göstərmək, tənqid etmək üçün azca “nəfəslik” verib, bununla həm Ermənistan hakimiyyətinin Rusiyadan üz çevirib, Qərbə sığınmasının qarşısını almaq üçün, həm də daxildəki etiraz elektroratını susdurmaq üçün. Diqqət edin, dünənədək Rusiyaya “stavka” edən və “sorosçu Paşinyan”la mübarizədə sərt mövqe tutan revanşist qüvvələr indi Rusiyanı tənqid etməyə başlayıblar, Paşinyan Kremlin “otur-dur” tapşırıqlarına əməl etməyə başlayandan bəri".

E.Paşasoy vurğuladı ki, Ermənistanın baş naziri KTMT üzvlərini “tənbeh” etməklə özü haqqında “cəsarətli lider” obrazı yaratmağa çalışdı və hesab edir ki, bununla mayın ilk günlərində küçələrdə gecələyən müxalifətin arzumentlərini əllərindən ala biləcək: "Eyni zamanda Kremldəki toplantıdan sonra İrəvanda müxalifətçilərə qarşı sərt tədbirlərə əl atılması, hətta eks-prezident Robert Köçəryanın pişik balası kimi polis maşınına basılıb bölməyə aparılması da istisna deyil ki, Moskvadakı ab-havanın təsiridir. Paşinyan Putinlə ikilikdə əvvəlkindən fərqli olaraq daha sərbəst təsir bağışlayırdı. Sanki hansısa vədlər almışdı və şantaj siyasətinin işə yaradığına, hakimiyyətini sürdürməyə razılıq verildiyinə əminliyi var idi. Məhz bundan sonra İrəvanda “Putinin dostu” kimi tanınan Köçəryanın oğlunun saxlanılması təsadüfi deyil. Demək, Putin Paşinyana “küçələri təmizlə” təlimatını verib".

Siyasi şəthçi vurğuladı ki, danışıqlarda Qarabağ mövzusu da müzakirə edilib: "Şübhəsiz, Rusiya üçün bu məsələ vazkeçilməzdir və Putin imkan vermək istəməz ki, tənzimlənmə Brüsselin moderatorluğu ilə həllini tapsın. Amma istənilən halda bu, absurddur, əvvəla, Qarabağın Ermənistana heç bir dəxli yoxdur, hətta Paşinyan da bir neçə dəfə Azərbaycanın ərazi bürtövlüyünü tanıdığını deyib. ELəcə də Putin. Digər tərəfdən, söhbət Qarabağ tənzimlənməsindən getməməlidir, çünki Azərbaycan 44 günlük müharibə ilə məsələni demək olar ki, bitirib. Üçtərəfli razılaşmalara uyğun olaraq Ermənistan və Azərbaycan arasında münasibətlərin perspektivi, sərhəd məsələsi, kommunikasiyalar, qanunsuz hərbi birləşmələrin çıxarılması və digər mövzular, həmçinin yekun sülh sazişi əsas mövzu olmalı olduğu halda, bundan danışılmaması suallar doğurur və Rusiyanın sülhməramlılığına şübhələr yaranır. Zatən, son zamanlar Qarabağın ermənilər yaşayan bölgəsində “rus icması”nın yaradılması təşəbbüsləri rənglərin tündləşdirilməsinə xidmət edir. Brüssel görüşündə 5 şərtə razılıq verən, ancaq Rusiyadan aldığı təlimatların ardınca 6 maddəlik iddia ortaya qoyan Paşinyan hakimiyyətinin budəfəki səfərdən də “qulağıdolu” qayıtdığına şübhəm yoxdur. Paşinyanın götürdüyü öhdəliklərin icrasını uzatmaq cəhdləri isə növbəti gərginliyə səbəb ola bilər ki, bu, Ukraynada yaşananlar fonunda Rusiyanın özü üçün də yaxşı heç nə vəd etmir. Kimlərsə düşünürsə ki, Rusiya sülhməramlıların bölgədə olduğu şəraitdə Azərbaycan sərt tədbirlərə əl atmayacaq, yanılır. Fərrux dağı əməliyyatı buna sübutdur. Düşmən məkrlidir və “arxalı köpək qurda basar” prinsipinə “sadiqliyini” dəfələrlə görmüşük. Odur ki, Azərbaycan əsgərinin və diplomatiyasının əli tətikdə olmalıdır".

Banu,

SİTAT.İNFO



Xəbər xətti