"Mövsümi meyvə və tərəvəzlərlə bağlı qiymətlər həmişə ilkin zamanlarda yüksək olur. Ola bilər ki, 10-20 gündən sonra olmasa da, iyuna doğru qiymətlərdə ucuzlaşmanı hiss edək”.
Novoye-Vremya.com Sfera.az-a açıqlamasında iqtisadçı-ekspert Vahid Məmmədov bildirib. Ekspert xüsusilə pomidor və xiyarın qiymətində yüksəlmələrin olduğunu və bu həddin yaxın zamanda aşağı düşməyəcəyini deyib:
"Məhsul bolluğu yaranan kimi bazar iqtisadiyyatı qaydaları işə düşür. Nə qədər çox məhsul bazara çıxıralırsa, qiymət bir o qədər aşağı olur. Bu il pomidor ixracında ciddi yüksəlmə var. Bu da təbii olaraq Rusiya ilə bağlı olan məsələdir. İxracat artdığı zaman daxildə məhsulların satışı ilə bağlı problemlər götrürük. Bu, qiymətlərə də öz təsirini göstərir. Ona görə daxildə bahalaşmanın qarşısnın alınması üçün istehsalı çoxaltmalıyıq. İstehsal artarsa, qiymətlər də ucuz olacaq”.
Ekspert alverçilərin qiymətlərin düşməməsində mühüm rol oynadığını da sözlərinə əlavə edib:
"Fermerlər yox, kənd təsərrüfatı ilə məşğul olanlar, alverçilər çalışırlar ki, məhsullarını hissə-hissə bazara çıxarsınlar ki, bolluq yaranmasın və bu, qiymətlərə mənfi təsir göstərməsin. Lakin çox güman may ayının sonlarından, iyunun əvvəllərindən ucuzlaşma olacaq”.
Qeyd edək ki, bazarlarda pomidorun bir kiloqramının qiyməti 3-5 manat arasında, xiyarın qiyməti isə 2-3 manat arasında dəyişməkdədir.