Dünyanı gözləyən ərzaq böhranından yan keçmək şansımız var: Bu addımlar atılmalıdır - Professor Elşad Məmmədov

16:29 19 May 2022

Dünyanın ərzaqla təchizat zəncirində Ukraynanın rolu böyük olduğu qədər də  vacibdir. İndi isə təkcə Ukrayna yox, həm də sanksiyalara görə Rusiya bu zəncirdən çıxıb. Ukrayna hələ martın 9-da dənli bitkilərin ixracına embarqo qoydu. Martın 10-da Rusiya taxıl ixracını məhdudlaşdırdı. İndi hər kəsi maraqlandıran başqa məsələdir: Qlobal ərzaq böhranı və bahalaşmadan çıxış yolu nədir? Beynəlxalq miqyasda və ölkə miqyasında hansı həll yolları düşünülə bilər?

Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən iqtisadçı ekspert Elşad Məmmədov bildirdi ki, hazırda  həm dünya miqyasında, həm də regional kontekstdə müşahidə edilən ərzaq böhranı yaxın aylarda daha da dərinləşəcək: "Dünya iqtisadiyyatındakı qeyri-tarazılıqların uzun illər ərzində dərinləşməsi xeyli dərəcədə bugünki iqtisadi problemlərin səbəbi kimi çıxış edir. Bununla yanaşı, ən mühüm məsələlərdən biri də Ukraynadakı böhranın faktiki olaraq dünyada ərzaq böhranını qaçılmaz etməsidir. Rusiya və Ukraynanın  ərzaq bazarındaki kritik səviyyədə böyük rolunu nəzərə aldıqda böhranın dərinləşməsinin əsas amillərindən biri kimi Ukraynadaki problemləri qeyd etmək lazımdır".

E.Məmmədovun fikrincə, görünən odur ki, təbii resurs baxımından  ərzaq bazarında mövqeləri  güclü və böyük imkanlara malik olan dövlətlər öz dvidentlərini götürmüş olacaq: "Amma iqtisadi cəhətdən, resurs bazası baxımından zəif olan ölkələr çox ciddi problemlərlə üzləşəcək". 

İqtisadçı ekspertin sözlərinə görə, dünya miqyasında iqtisadi qeyri-tarazılıqların aradan qaldırılması istiqamətində səylər olmazsa, sosial və iqtisadi problemlər dərinləşəcək: ”Həm avrozonaya daxil olan ölkələrdə, həm  ABŞ-da inflyasiya göstəricilərinin kritik həddə çatmasının şahidi oluruq. Əgər avrozonaya daxil olan iqtisadi məkanda və ABŞ-da  aparıcı ehtiyat  valyutalarının  emissiyası kimi üstünlüklər varsa, Afrikada, Cənubi Amerikada, Asiyada sözsüz ki, hansı problemlərin olmasını gözləmək olar, bu barədə ciddi şəkildə düşünmək lazımdır”.

Elşad Məmmədov qeyd edib ki  Azərbaycanın böhrana hazırlıq səviyyəsinə gəldikdə mütləq şəkildə istehsalın lokallaşdırılması, regional iqtisadi əməkdaşlığın ön plana çıxması, Azərbaycanda ciddi şəkildə təhlil edilməli və bu istiqamətdə addımlar atılmalıdır: "Biz maksimum şəkildə daxili bazarımızın yerli məhsulla təmin olunmasını təşkil etməliyik, yerli istehsala investisiyalar artırmalıyıq. Qeyri-neft və qeyri-xammal sektoru üzrə əsas ticarət tərəfdaşlarımızla iqtisadi münasibətlərin  dərinləşməsinə getməliyik, əks halda daxili bazarda  həm qiymət artımı, həm də işgüzar fəallığın  təkan alması ilə bağlı məsələlər sosial problemlərin artmasına şərait yarada bilər. Yerli istehsalın lokallaşdırılması, inkişaf etdirilməsi  üçün investisiyaların artırılması zəruridir. Ona görə də regional iqtisadi inteqrasiyaya getməkliyik ki, qonşu dövlətlərin də  iqtisadi imkanlarından  istifadə edə bilək”.

Nigar Abuzər
SİTAT.İNFO

 



Xəbər xətti