"Türkiyənin çıxması NATO üçün intihara bərabərdir" - Elçin Xalidbəylinin ŞƏRHİ

16:30 22 May 2022

"Türkiyə NATO daxilində olduqca önəmli və uzaqgedən manevrlər etməyə başlayıb. Rəsmi Ankaranın Finlandiya və İsveçin NATO-ya üzvlüyünü bloklaması birbaşa Türkiyənin milli təhlükəsizlik maraqlarından qaynaqlanır. Türkiyə bu məsələdə veto hüququndan istifadə etməmək üçün haqlı olaraq, bir neçə şərt irəli sürür. Rəsmi Ankara hesab edir ki, İsveç və Finlandiya “terror yuvası”na çevrilib. Ona görə də, “terror yuvası”na çevrilmiş ölkələrin NATO-ya üzvlüyü yolverilməzdir".

SİTAT.İNFO xəbər verir ki, rəsmi Ankara şərtlər yerinə yetiriləcəyi təqdirdə, Finlandiya və İsveçin NATO-ya üzvlüyünə qarşı çıxmayacağını da qətiyyən gizlətmir: " Rəsmi Ankaranın şərtləri sırasında Finlandiya və İsveçin PKK terror təkilatına dəstəkdən imtina edilməsi ilə yanaşı, ABŞ və bəzi NATO ölkələrinin Türkiyəyə qarşı tətbiq etdiyi embarqoların ləğv olunması tələbi də var. Rəsmi Ankara hesab edir ki, NATO üzrə müttəfiqlərin Türkiyəyə embarqo tətbiq etməsi yolverilməz davranışdır".


E.Xalidbəyli vurğuladı ki, hazırda ABŞ və Qərb rəsmi Ankaranın şərtlərini yerinə yetirmək əvəzinə Türkiyə ilə anlaşmağa çalışır: "Halbuki, rəsmi Ankara xəbərdarlıq edib ki, şərtlər yerinə yetirilərsə, problem həll edilmiş olacaq, Türkiyəni yola gətirməyə də ehtiyac qalmayacaq. Yəni, rəsmi Ankara İsveç və Finlandiyanın terrorizmə dəstəkdən imtinaya razılaşdırmağın və Türkiyənin bütün digər şərtlərinin yerinə yetirilməsinin indiki situasiyadan yeganə çıxış yolu olduğunu vurğulayır.
Ancaq buna baxmayaraq, bəzi Qərb ölkələri İsveç və Finlandiyanın NATO-ya üzvlünün yolunu açmaq üçün Türkiyənin Avroatlantik Blokdan ixrac edilməsinin vacibliyinə eyham vurmağa başlayıblar. Halbuki Türkiyənin NATO-dan ixracı bu hərbi-siyasi alyansın intiharına bərabər addım ola bilər". 

Siyasi şərhçinin fikrincə məsələ ondadır ki, Türkiyə NATO daxilində ABŞ-dan sonra ikinci ən güclü orduya sahib olan önəmli dövlətdir: "Digər NATO üzvü olan dövlətlərin orduları ABŞ və Türkiyə ordularından ciddi şəkildə geri qalır. Bu baxımdan, Türkiyənin NATO-dan ixracı bu hərbi-siyasi alyansın ciddi şəkildə zəifləməsinə yol aça bilər. Yəni, İsveç və Finlandiyanın hesabına NATO-nu genişləndirmək istəyənlər, əgər, Türkiyəni bu qurumdan ixrac etsələr, ona sarsıdıcı zərbə vura bilərlər. Çünki, İsveç və Finlandiyanın hərbi potensialı hətta birlikdə belə, Türkiyə ordusunun qüdrəti ilə müqayisə edilə bilməz. 
Xüsusilə də, Rusiya və Çinlə düşmənçiliyin davam etdiyi bir situasiyada Türkiyənin NATO-dan çıxarılması qarşı tərəfi gücləndirər. Üstəlik, onu da nəzərə almaq lazımdır ki, NATO-dan ixrac olunan Türkiyənin Rusiya və Çinlə hərbi-siyasi tərəfdaşlığa meyil edə biləcəyi də qətiyyən istisna deyil. Ona görə də, NATO-da Türkiyə kimi hərbi güc mərkəzinin itirilməsi ilə bağlı riskə getməzlər".

E.Xalidbəylinin sözlərinə görə, bu məsələyə münasibət bildirən NATO baş katibi Yens Stoltenberqin Türkiyəni önəmli hərbi müttəfiq olduğunu və rəsmi Ankaranın milli təhlükəsizliklə bağlı narahatlıqları həllinin vacibliyini vurğulaması da bunu təsdiqləyir: " Vaxtilə Türkiyəyə embarqo tətbiq edilərkən rəsmi Ankara NATO-dan çıxa biləcəyinə eyham vurmuşdu. Ancaq ABŞ və NATO rəhbərliyi rəsmi Ankaranın könlünü almaqla, Türkiyə ilə bağlı yarana biləcək ciddi böhranın qarşısını aldı.
Bütün bunlar onu göstərir ki, ABŞ və Türkiyənin NATO-dan ixrac edilməsi kimi böyük avantürist riskə cəsarət etməz. Ona görə də, bu barədə səsləndirilən eyhamların rəsmi Ankaraya qarşı heç bir təsiri olmayacaq təzyiq cəhdlərindən başqa bir şey deyil. Yəni, hazırda NATO Türkiyənin bu alyansdan çıxa biləcəyindən daha çox narahat olmalıdır".

 



Xəbər xətti