İran İnsan Hüquqları Təşkilatı son hesabatında ölkədə edamların sayının kəskin artması ilə bağlı məlumat yayıb.
“Azad İran” “Telegram” kanalı xəbər verir ki, təşkilat son bir ayda ən azı 46 nəfərin dar ağacına çəkildiyini və onların demək olar ki, üçdə birinin etnik bəluçlar olduğunu açıqlayıb.
Məlumata görə, edam edilənlərin 17 nəfəri narkotik maddələrin qanunsuz ticarəti, qalanları isə qəsdən adam öldürmə ittihamı ilə asılıblar.
Təşkilat ölkədə edamların sayının son dörd ilin eyni dövrü ilə müqayisədə “əhəmiyyətli dərəcədə” artdığını vurğulayıb.
İran zindanlarında 2021-ci ilin yanvarında 27, 2020-ci ilin yanvarında 33, 2019-cu ilin yanvarında isə 36 nəfərin edam edildiyi qeydə alınıb.
“Beynəlxalq Əfv Təşkilatı”nın ötən ilin may ayında açıqladığı son illik hesabatına görə, 2020-ci ildə İranda 246 edam cəzası həyata keçirilib və bu, eyni ildə dünyada icra edilən 483 edam cəzasının yarısının yalnız İranda icra edildiyi deməkdir.
Qeyd edək ki, insan haqları təşkilatlarının məlumatına görə, İranda edamların gerçək sayı İran hökumətinin açıqladığı rəqəmlərdən qat-qat çoxdur.
Beynəlxalq Əfv Təşkilatı İran İslam Respublikasını “uşaq cinayətkarların” edamının davam etdiyi tək ölkə adlandırıb. (Oxu.az)