SİTAT.İNFO-nun növbəti qonağı Real Partiyasının icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli olub. Onunla Rusiya-Ukrayna müharibəsinin dünya iqtisadiyyatına verdiyi zərər, kənd təssərüffatında su problemi, qiymətlərin bahalaşması, ərzaq böhranı, manatın məzənnəsi, neftin qiyməti və sair məsələlərdən danışdıq.
- Rusiya-Ukrayna müharibəsi dünya iqtisadiyyatına necə zərbə vurdu və Azərbaycan üçün nə kimi risklər yarandı?
-Əslində müharibədən öncə pandemiya logistik zəncirlərin qırılması, güclü inflyasiya kimi ciddi problemlər yaratmışdı. Dünyada inflyasiya təkcə müharibədən sonra baş vermədi. Təqribən 2020-ci ilin ortalarından inflyasiya tempi yüksəlməyə başladı. İndi Avropada və Amerikada inflyasiya son 45 ilin ən yüksək göstəricilərindədir. Çünki, pandemiya həm logistik xətlərin qırılmasına, həm də istehsalın azalmasına səbəb oldu. Bundan başqa dünya iqtisadiyyatına 17 trilyon dollara yaxın vəsait axıdıldı.
FED 9 trilyon ayırdı, Yaponiya və Çin mərkəzi banklarının ayırdığı vəsaitləri də hesablasaq, ümumilikdə 17 trilyon dollara yaxın vəsait daxil oldu. Bu pul kütləsinin dövriyyəsini artırdı və inflyasiyanı yüksəltdi. Bunun üzərinə Rusiya- Ukrayna müharibəsi gələndə, birbaşa ərzaq bazarına çox ciddi təsir göstərdi. Çünki Ukrayna və Rusiya dünyada buğda istehsalı və ixracatının üçdəbirini təşkil edirdi. Müharibə şəraitinə, yolların dağıdılmasına görə bugün Ukraynadan buğda ixracatı mümkün deyil. Rusiya isə taxıl ixracatını məhdudlaşdırıb. 9 sentyabr tarixinə qədər məhdudlaşma tətbiq olunur. Ancaq Nazirlər Kabinetinin xüsusi icazəsi olan ölkələrə taxıl ixrac etmək mümkündür. Bu da qiymətlərin qalxmasına səbəb oldu. Pandemiyadan öncə 2019-cu ildə taxılın qiyməti dünyada 170-180 dollar arası dəyişirdi, bugün 420-430 dollar arası dəyişir. Yəni kifayət qədər ciddi artım var. Bu da inflyasiyanın yüksəlməsinə səbəb olur.
Bitki yağları ilə də bağlı eyni vəziyyətdir. Ukrayna və Rusiya qarğıdalı və günəbaxan yağı istehsalında dünyanın 58 faizini təşkil edir. Bu bitki yağlarının qıtlığına gətirib çıxarır. Eləcə də, taxılla, dənli bitkilərlə və bitki yağları ilə bağlı çox ciddi problemə çevrilib.
Azərbaycana gəldikdə, təəssüf ki, müəyyən ciddi asılılığı var. Məsələn buğdada Rusiyadan 80 faizə yaxın asılılığımız var. Bizim 1 illik xaricdən almalı olduğumuz buğda ehtiyacı 1 milyon 140 min tondur. Bunun 907 min tondan yuxarısını Rusiyadan alırıq. Rusiyanın hazırda müəyyən məhudiyyətlər qoyması Azərbaycana problemlər yaradır. Amma Azərbaycanın 250 günə yaxın buğda ehtiyatı var. Bu müəyyən dərəcədə problemlərin həllində kömək olur. Mart ayında Qazaxıstanla yeni müqavilə bağlandı. Qazaxıstandan ölkəyə taxıl ixracatı artır. Bu da buğda ilə problemin həllində mühüm rol oynaya bilər. Amma qiymətlərin bahalaşması gözlənilir, çox guman yaxın həftələrdə un məmulatlarının qiymətində növbəti bahalaşma dalğası yaşanacaq.
- Dünya üzrə müşahidə olunan bahalaşma hara qədər davam edə bilər, daha hansı məhsullar bahalaşa bilər?
- Dünyada baş verən böhran dalğasının müharibənin bitməsi ilə düzələcəyini söyləmək çətindir. Hamımız istəyirik ki, müharibə tez bitsin, sülh yaransın, amma sabah müharibə dayansa belə, böhran, inflyasiya dayanmayacaq. Çünki böhrana səbəb olan xüsusiyyətlərin altında olan amillər tək müharibə ilə, Rusiyaya qarşı sanksiyalarla bağlı deyil.
Düzdür, bunun önəmli təsirləri var, amma əsas məsələ dünyadaki likvidlik bolluğudur. Və həddindən artıq bol likvidlik pandemiya ilə mübarizə altında dünya iqtisadiyyatına səpildi və çox maraqlı tendensiyalar yarandı. Bunlar iqtisadiyyat elminə məlum olmayan yeni tendensiyalardır. Məsələn, 2020-ci il böhran ili sayılır. Pamdemiya, qapanmalar, turizmin demək olar dayanması səbəbindən dünya iqtisadiyyatı kiçildi.
Amma bütün səhmlərin qiyməti qalxdı. Bu ona dəlalət edir ki, bazara buraxılan triyonlarla vəsait real sektora yox, səhm və “bitcoin” bazarına yönəldi. Bu isə bugünki böhranın yaranma səbəblərindən biridir. Ona görə də, bu proses bir müddət davam edəcək. Ən yaxşı halda 2024-25 -ci illərdə bu böhran dalğasının yumşalmasının şahidi olacağıq. Azərbaycanın tək ərzaq yox, qeyri-ərzaq məhsullarında da kifayət qədər asılılığı var. Hətta qeyri- ərzaq məhsullarında asılılığı daha çoxdur. Eləcə də, strateji məhsullarda da asılılıq var. Məsələn, dərman preparatlarında 94 faizə , uşaq yeməklərində demək olar ki , 100 faizə yaxın xaricdən asılıyıq.
Tikinti materiallarının bəzi növlərində, o cümlədən taxta-şalban materiallarına aid olan hissəsində, taxtadan hazırlanan məhsullarda çox ciddi asılılığımız var. Əsas asılılıq da Rusiyadandır. Rusiya ilə bağlı problem ondan ibarətdir ki, bank sistemlərində problem olduğu üçün Rusiyaya pul köçürmək çox çətindir. Ona görə də həm pul köçürmələri ilə bağlı axsamaların olması, həm Rusiyanın sanksiyalar altında olması Azərbaycanın bu ölkədən bəzi məhsullar idxal etməsinə maneə törədir. Belarus baş nazirinin Bakıya səfərində yeni müqavilələr imzalandı. Onlardan biri də taxta -şalbanla bağlıdır. Çünki, bizim başqa alternativimiz yoxdur. Bizim çevrəmizdə olan ölkələrin heç birində nə Türkiyə, nə Gürcüstan, nə də Qazaxıstanda taxta materialları, meşə sənayesi yoxdur.
Yeganə alternativ Rusiya və Belarus ola bilər. Avropa məkanında da tək alternativ Finlandiyadır. Amma ora da Avropa Birliyi bazarına fokslanmış iqtisadi model olduğu üçün bahadır. Ona görə də ev təmir edərkən otağın qapısını Finlandiyadan 1000 dollardan aşağı ala bilməzsiz. Amma Belarusiya qapılarını 150-200 dollara almaq mümkündür. 50 min dollarlıq taxta materiallarının gətirilməsi ilə bağlı Belarusiyadan bir razılaşma var.
- Dollar dünyada bahalaşır. Bu bizə necə təsir edəcək? Ümumilikdə dolların bahalaşması dünyada inflyasiyanı artıracaqmı? Manat üçün təhlükə varmı?
- Dünyada dolların bahalaşmasının səbəbi FED-in aqressiv pul kredit siyasətidir. FED Amerikanın Mərkəzi Bankı böyük dünya ölkələrinin mərkəzi banklarından ən tez faiz artımına gedən bank oldu və çox aqressiv şəkildə faizləri artırdı. Ən son toplantısında çox dərəcəsi 0,50 faiz artdı. Amerika iqtisadiyyatının həcmini nəzərə alsaq, bu çox ciddi rəqəmdir. Ona görə də dünyada dollar indeksi son illərin ən yüksək həddinə, yəni 104 punkta çatdı. Bu dolların digər valyutalara qarşı, əsasən də avroya, funksterlinqə, franka qarşı kəskin bahalaşmasına səbəb oldu. Nəticədə bu gün digər valyutalar qarşısında dollar bahalaşdıqca, bunun üzərinə inflyasiya amili də gəlir. Azərbaycana birbaşa təsirləri yoxdur. Azərbaycanda manat inzibati qaydada yox, Mərkəzi Bankın və hökümətin qərarı ilə tənzimlənir. Məzənnənin formalaşmasında Türkiyə və digər ölkələrdəki kimi bizdə bazar iqtisadiyyatı qanunları işləmir. Ona görə bizdə manatın məzənnəsinə təhlükə yoxdur. Neft çox baha olduğu üçün Azərbaycanın manatı obrazlı desək, "kağız neftdir", yəni neftdən asılıdır. Neftin qiyməti 100 dollar və daha yuxarıdırsa, manata hansısa təhlükənin olması gözlənilmir.
- Müharibə davam edərsə, neftin qiyməti ilə bağlı vəziyyət necə olacaq?
- Neftin qiymətinə təsir edən əsas amil müharibənin fiziki mövcudluğu yox, Rusiyaya tətbiq olunan sanksiyaların ağırlığıdır. Yəni müharibə Ukrayna ilə gedir, ora da neft ixrac edən ölkə deyil. Sırf müharibə birbaşa təsir göstərmir, amma onun yaratdığı amillər, Rusiyaya qarşı çox kəskin sanksiyalar neftin bahalaşmasına səbəb olub. Əslində, bundan daha çox bahalaşma gözlənilir. Çünki hələlik Avropa ölkələrində Rusiya neftinə embarqo məsələsində razılaşma alınmır.
Ötən gün maraqlı xəbər oxudum. Dünyanın ən böyük ölkələri mexanizm hazırlamağa başladılar ki, Rusiya neftinin bəlli qiymətdən baha satılması mümkün olmasın. Məsələn, hansısa ölkə nefti Rusiyadan 50 dollardan yuxarı alsa, sanksiya qoyulsun. Nə qədər uğurlu və tez tətbiq olunacağını indidən demək çətindir. Əgər güclü dövlətlər belə bir fikirə gəliblərsə, gec-tez bunu tətbiq edəcəklər. Ona görə də, neftin qiymətinin yaxın zamanlarda aşağı düşməsi ehtimalı çox azdır. 100 dollar və üzərində olacağı gözlənilir. Bu o deməkdir ki, benzinin, dizel yanacağının qiyməti artacaq. ABŞ- da, Kaliforniyada heç vaxt belə benzin qiymətləri olmayıb. Benzinin və dizel yanacağının artması da,digər sahələrə təsir göstərir. Ərzaq və qeyri- ərzaq məhsullarının qiyməti qalxır, daşınma bahalaşır. Bu dünya iqtisadiyyatı üçün kifayət qədər ciddi problemdir.
- Dünyada gedən inflyasiya, eləcə də Azərbaycanda gedən bahalaşma prosessində xalqın sosial müdafiəsini gücləndirmək üçün yeni bir sosial paket imzalana bilərmi?
- Bu suala 2 cavab vermək olar: populist və idealist. Populist cavab odur ki, hamının dediyi kimi təqaüdləri, maaşları dəfələrlə artırmaq lazımdır. Bir ölkədə mal və məhsul bolluğu yoxdursa, istehsalın həcmi dəyişmirsə, maaş və təqaüd artımının heç bir xeyri yoxdur. Maaş və təqaüd artımı dolayısı ilə inflyasiyanı artıracaq, eyni məhsul daha bahalı olacaq. Hökumətin vəzifəsi odur ki, ölkədə mal və məhsul bolluğunu yaratsın. Fikrimcə, ölkədə maaş və təqaüdlər addım - addım artırılmalı, insanların yaxşı dolanışığı üçün şərait yaradılmalıdır. Amma əsas hədəf ölkədə inflyasiya ilə mübarizə aparmaq üçün mal və məhsul bolluğunu, rəqabət mühitini artırmaq olmalıdır. Obrazlı desək, "hamıya balıq paylamaqdansa, tilov verib balıq tutmağı öyrətmək lazımdır ". Bizdə də eyni problemdir. Qiymət artımının qarşısını kəsə biləcək əsas problem, hökumətdən asılı olan tək maaş və təqaüd artımı deyil. Gömrük rüsumları və vergilərlə bağlı düşünüb çox ciddi qərarların verilməsinə ehtiyac var. Gömrük rüsumları çox yüksəkdir, 15 faizdir. Üç pilləli gömrük sistemidir. 0 faiz, 5 faiz və 15 faizdir. Nədənsə ən çox tətbiq olunan gömrük rüsumu 15 faizdir. Ölkədə istehsalı olmayan məhsullara da 15 faiz vergi qoyulur. Bu da qiymət artımına ən çox təsir edən amillərdən biridir.
Azərbaycanda əlavə dəyər vergisi 18 faizdir. Ölkəyə daxil olarkən məhsullardan ƏDV tutulur. Bu doğru yanaşma deyil. Ona görə də, hökumətin inflyasiyanın qarşısını almaq üçün ən tez işlədə biləcəyi alət vergi və gömrük rüsumlarıdır. Dövlət Gömrük Komitəsinin yığdığı vəsaitin içərisində ən çox yeri ƏDV tutur. Ölkədə gömrük rüsumları təqribən 1,5 milyard manatdır. O məbləğ olmasa belə, dövlət heçnə itirməyəcək, çünki neftin qiymətləri yüksəkdir. Onsuz da bu il keçən ilin proqnozlarına görə, 6,2 milyard gəlir gözləyirdik. Bu ilin proqnozlarına əsasən, ölkəyə nəzərdə tutulandan 2 dəfə artıq, 13-14 milyard pul gələcək. ƏDV-ni də bir çox məhsul növlərindən ləğv etmək olar. Bura uşaq yeməkləri, dərman preparatları , əngəlli insanlar üçün vasitələr daxildir. Hətta Azərbaycanda əngəlli insanlar üçün vasitələr belə 18 faiz ƏDV vergisinə cəlb olunur. Bu yanaşma çox absurddur. Ölkədə istehsal olmayan ərzaq məhsullarının bir çoxu heç olmasa ilin sonuna qədər gömrük rüsumlarından azad edilməlidir. Bu həm qiymətləri aşağı endirə bilər , həm də qiymət artımının qarşısını alması mümkün olar. Çox təəssüf ki, qiymət artımı yaxın zamanda dayanmaya bilər. Bizim inflyasiyanın böyük əksəriyyəti idxal inflyasiyasıdır. Xaricdən aldığımız məhsulların qiyməti qalxır. İstər-istəməz Azərbaycanda da qiymət yüksəlir. İdxal inflyasiyanın qarşısını almağın ən yaxşı üsullarından biri gömrük rüsumlarının və vergi dərəcələrinin heç olmasa ilin sonuna qədər sıfırlanmasıdır.
- Azərbaycanda kənd təsərrüfatı ilə bağlı istehsalın önünü kəsən su problemi necə həll edilə bilər?
Su probleminin 2 həll yolu var. Birincisi, əldə olan resurslardan düzgün istifadə etməkdir. Hələ də bir çox hallarda pambıqçılıq regionlarında min il öncəki kimi suvarma aparılır. Yəni, torpaqda kanallar qazılır, bellə suyu yönləndirilir. Suyun da 55-60 faizi torpağa hopur, son məntəqəyə çatmır. İkicinsi, yeni texnologiyalardır. Artıq elm də sübut edir ki, hər bir bitkinin qəbul edə biləcəyi su həcmi mövcuddur. Onun artıqlaması ilə verilməsinin heç bir mənası yoxdur. Bitkinin nə məhsuldarlığına, nə inkişafına yardım edir. Ona görə də, dünyada damcılı suvarma sistemləri fəaliyyər göstərir. Düzdür, bu ucuz məsələ deyil, amma başqa yolu da yoxdur. İşğaldan azad olunmuş torpaqların su resursları var. O su resurslarının daha doğru istifadə olunması ən azından gələcəkdə aran bölgələrində su probleminin həllində müəyyən rol oynaya bilər.
Nigar Abuzər
Fotolar: Səid İsaoğlu
SİTAT.İNFO