Bu proses uzunmüddətli və ağrılı olacaq" - Professor dünya ərzaq böhranından danışdı

14:30 25 May 2022

Dünyada aclıq təhlükəsinə səbəb olan problemin mənbəyi Rusiya deyil, ona qarşı sanksiyalar tətbiq edənlər və bu tədbirlərin özləridir. Məlum olduğu kimi, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirmişdi. Peskovun sözlərinə görə, Rusiya tərəfi həmişə kifayət qədər etibarlı taxıl ixracatçısı olub: "Ukrayna kifayət qədər etibarlı taxıl ixracatçısı olub. Rusiya tərəfi Ukraynanın dəmir yolu ilə taxıl ixracına qətiyyən mane olmur. Polşadan silahlı qatarlar gələndə həmin qatarlarda taxılı ora geri aparmağa heç kimi maneə olmur”.

Bəs taxıl qıtlığının yaranmasında müharibənin rolu var, yoxsa Dmirtri Peskov bu açıqlaması ilə Rusiyanın məsuliyyətini gizlətməyə çalışır?

Mövzu ilə bağlı SİTAT.İNFO-ya  açıqlama verən iqtisadçı alim, professor Elşad Məmmədov bildirdi ki, qlobal taxıl qıtlığı Rusiya ilə əlaqəlidir: “Rusiya taxıl bazarında böyük rola malikdir. Rusiya-Ukrayna arasında hərbi  münaqişə gedir. Rusiya ilə Ukraynanın birgə payı məsələn buğda bazarında təqribən 30 faizidir. Bu olduqca kritikdir. Eyni zamanda taxılın digər seqmentləri ilə Rusiya və Ukraynanın payı olduqca yüksəkdir. Bir məqam da var ki,  digər əsas taxıl istehsalçıları da daxili bazarın hazırda qorunmasına fokslanıb, ixracı məhdudlaşdırır və bu da taxıl bazarına öz təsirini göstərir”. 

Ekspertin sözlərinə görə, Dmitri Peskovun açıqlamasında bu prosesin səbəbkarı kimi Rusiyanın göstərilməsində və onun etirazlarında həqiqət var: “Çünki, Rusiya sərhədləri boyunca NATO qüvvələrini yerləşdirən, antirusiyalılar formalaşdıran, rəngli inqilabları maaliyələşdirən Rusiya deyildi. Kollektiv  Qərb, ABŞ bunu proqnozlaşdırmalı idi ki, nə vaxtsa Rusiyaya qarşı  bu aqressiv siyasətə cavab veriləcək, o zaman Rusiya öz maraqlarını qorumaq istiqamətində cavab addımları atacaq. Bu addımlar da Ukraynada görünür. Hazırda limanların Rusiya tərəfindən bloklanması prosesi gedir. Rusiyaya bir tərəfdən sanksiyalar tətbiq edilir, Rusiya cavab olaraq özü ixracı məhdudlaşdırır. Digər tərəfdən Ukraynanın ixracatını da məhdudlaşdırır”.

Elşad Məmmədov qeyd edir ki, bütün bunlar da taxıl qıtlığının yaranmasına və dərinləşməsinə təkan verir: “Taxıl qıtlığı ilə bağlı məsələlər dünyada Rusiya-Ukrayna münaqişəsinə qədər də müvafiq amillərlə bağlı, dünya iqtisadiyyatındakı qeyri-tarazlıqlarla bağlı idi. Hərbi münaqişə isə bu prosesin daha da dərinləşməsinə təkan olur. Rusiyaya qarşı sanksiyalar yumşalmasa Rusiya Ukraynadan ixracaı məhdudlaşdırmaqda davam edəcək.
Sanksiyaların azalması gözlənilmir, ona görə də bu proses uzun müddətli və dünya iqtisadiyyatı üçün də ağrılı olacaq”.

Safura Bənnayeva

SİTAT.İNFO



Xəbər xətti