Son zamanlar istər xəbər saytlarında, istərsə də sosial mediada tez-tez paylaşılan və cəmiyyətin narahatlığa səbəb olan xəbərlərdən biri yeniyetmələrin intiharlarıdır. Dünən Azərbaycanda ikisi yeniyetmə olmaqla, 4 nəfər intihar edib.
Bəs bu intiharların arxasında nə dayanır? Bununla bağlı hansı tədbirlər görülməlidir?
SİTAT.İNFO olaraq bu problemi psixoloq Azad İsazadə ilə müzakirə etdik. Psixoloq bildirdi ki, hər zaman intiharların arxasında müəyyən səbəblər dayanır: "Sözsüz ki, bu hadisə ilə bağlı məlumatımız azdır. İntiharların arxasında bəzən real cinayətlər gizlənir. Bunu baş verən hadisələri nəzərdə tutaraq demirəm. Ümumilikdə dünyada baş verən intiharları misal olaraq götürsək, bunu demək olar. Ya da intiharı təsadüfü bir ölüm kimi qiymətləndirirlər. Bəzən kimsə cinayəti törədib buna intihar donu geyindirir, bəzilərinin ailələri isə intihar olduğunu deməkdən utandıqları üçün bunu ani ölüm kimi qələmə verirlər".
Azad İsazadənin fikrincə, ölkədə intiharların araşdırılması ilə bağlı ciddi problemlər var: "Birinci vacib məsələ real istintaq nəticələrini yəni, həqiqəti öyrənib, obyektiv informasiyanı əldə edib sonra səbəbləri araşdırmaq lazımdır. Bununla bağlı bizdə real problemlər var. Elə bir qurum yoxdur ki, konkret intiharlarla məşğul olsun. Belə ciddi məsələ ayrı-ayrı qurumların arasında bölüb. Məsələn Fövqəladə Hallar Nazirliyi özlərini binadan atanları və ya suda boğulmaqla həyatlarına son qoymaq istəyənləri xilas edir. Digər qurumlar, məsələn səhiyyə müəssisələri, intihara cəhd edən şəxs dərman qəbul edibsə və ya venalarını kəsibsə, tibbi yardım göstərirlər. Amma intiharların baş vermə səbəblərini araşdırıb bunların qarşısını almaq üçün tədbirlər görən yoxdur. Çünki, bizdə bu işləri görə biləcək bir qurum yoxdur. Ona görə də , biz belə hallar haqqında ancaq mətbuatdan və ya rəsmi orqanlardan məlumatlar alırıq. Amma real vəziyyəti analiz edib, həmin gənclərlə, onların valideynləri ilə söhbət etmək üçün peşəkarlar işləməlidir. Belə real imkanımız da yoxdur. Ancaq kütləvi informasiya vasitələrindən nəsə öyrənirik.Yenə də məlumatımız natamam olur. Buna görə də bu problemi qiymətləndirmək çox çətindir".
.
Bəs necə olur ki, intihara qədərki mərhələdə valideyn övladının durumundan xəbərdar olmur? Hansısa intihar əlamətlərini görməmək laqeydlikdirmi?
Azad İsazadə bildirdi ki, əslində görürlər, amma reaksiya vermirlər: "Hardasa laqeydlik demək olar. Amma gündəlik iş, problemlər valideynlərin başını qatır. Birinci siqnalı, təhlükəni valideynlər hiss etməlidir, onlar həkimlərə, psixoloqlara müraciət etməlidir. Bizə intihar fikrində olan yeniyetməni gətirəndə bəlli olur ki, uşaq özü gəlməyib, valideyn onu gətirib. Amma təəssüflər olsun ki, valideynlər bəzən də fikr vermirlər, sonra da belə problemlərlə qarşılaşırlar. Amma mən onları da günahlandırmıram, bu böyük bir dərddir".
Lamiyə Xəqani
SİTAT.İNFO