Rusiya-Ukrayna müharibəsinin başlamasından 3 ay keçib və bu müddətdə hər iki ölkəyə dəyən zərərin miqyası sosial-iqtisadi baxımdan xeyli genişlənib. Bu savaşdan dünyanın bir çox ölkələri də ziyan görürlər. Əsas sual isə, müharibə aparan dövlətlərin bu müddətdə nə itirib, nə qazandıqlarıdır.
SİTAT.İNFO-ya açıqlamasında bu sualı cavablandıran Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov bildirdi ki, ötən 3 ay ərzində Rusiyanın ciddi uğur əldə etməsinin şahidi olmuruq: "Bu gün Rusiya Donbasda və Ukraynanın digər şərq ərazilərində əməliyyatlar həyata keçirir. Bunun da əsas səbəbi, Rusiyanın gözləmədiyi məqamlarla bağlıdır. Bu məqamlardan biri, Qərb dövlətlərinin, NATO- nun və digər dünya ölkələrinin Ukraynaya bütün istiqamətlərdə, xüsusən siyasi, diplomatik, hərbi, maliyyə və humanitar dəstəyi oldu. Bu yardımların mərkəzində duran əsas məqam informasiya cəbhəsində Ukraynaya ciddi şəkildə dəstəyin göstərilməsilə bağlı idi. Hazırda bütün Qərb dünyası Ukrayna məsələsində Rusiyaya qarşı səfərbər olub".
Politoloqun sözlərinə görə, Rusiyanın atdığı addımları Ukraynaya qarşı beynəlxalq hüququn, o cümlədən beynəlxalq aləmdə mövcud olan bütün qaydaların pozulması kimi dünyanın diqqətinə çatdırırlar:
“Əslində Rusiyanın Ukraynanın qərbinə və mərkəzinə hücum etdiyi zaman, heç də bütün əraziləri işğal etmək fikri olduğunu düşünmürdüm. Bu faktiki baxımdan mümkün deyildi. İşğalı həyata keçirmək üçün ciddi şəkildə qüvvələr, maddi imkanlar və digər resurslar lazımdır. Bu da Rusiya üçün hazırda mümkünsüz görünür, amma bütün bu proseslər geridə qalıb. Bu gün Rusiyanın Ukraynada itirdikləri əldə etdiklərindən daha çoxdur. Ancaq hər bir halda bu prosesə fərqli pəncərədən baxmaq lazımdır.
Beynəlxalq hüququn subyekti kimi ayrı-ayrı müstəqil dövlətlərin ərazi bütövlüyünün, tələblərinin qorunması və digər prizmalardan yanaşsaq, Rusiyanın bu addımı heç bir şəkildə qəbul edilmir. Amma Rusiyanın Sovetlər Birliyinin hüquqi varisi, Qərbə qarşı mübarizə göstərən, ABŞ-dan sonra ikinci hərbi güc dövləti olaraq bu prosesdə addım atması imperialist maraqlar baxımından tamam fərqli mənzərəni özündə əks etdirir”.
X. Bəşirov qeyd edib ki, Rusiya- Ukrayna müharibəsinin reallaşması məsələsində ilk itirən Rusiya və Ukraynadır: “ İkisi də eyni kökə, tarixə, sivilizasiyaya, mədəniyyətə sahib olan dövlətlərdir. Ukraynanın böyük şəhərləri dağıdıldı, milyonlarla əhalisi başqa ölkələrə qaçqın, məcburi köçkün vəziyətində üz tutdu. Hazırda Ukraynanın iqtisadiyyatı darmadağın olub.
Hazırda Ukrayna kənd təsərrüfatı ölkəsi kimi çox ciddi proseslərdən keçir, dövlətçiliyi ciddi sınaq altında qalıb. Amma hər bir halda bu prosesdə ikinci ən böyük zərbə Rusiyaya dəydi. Ölkənin atdığı addımlar bir daha sübut etdi ki, hazırki döyüş taktikası, silahları, ordusu ilə sovetlər birliyinin dönəmində olduğu gücə malik deyil".
Politoloq hesab edir ki, bu proses həm də Rusiya üçün Ukraynanın itirilməsi ilə nəticələndi: "Çünki Ukrayna xalqında Rusiyaya qarşı nifrət formalaşıb. Bu nifrətin formalaşma səbəbi, Rusiyanın qanunsuz onun ərazisinə daxil olması oldu. Digər bir məqam, Qərb dövlətlərinin apardığı informasiya mübarizəsinin nəticəsidir. Bu məsələdə Rusiya həm canlı qüvvə itirdi, həm də bir sıra köhnəlmiş silahları var ki, bu müharibədən sonra bir daha istifadə edilməyəcək və müharibə taktikası baxımından arxivə göndəriləcək”.
Politoloq vurğuladı ki, Rusiya hər gün müharibəyə milyardlarla dollar pul xərcləyir, bu da onun ciddi itkiləri deməkdir: “ Digər vacib məqam isə, dünya dövlərlərinin Rusiyaya qarşı siyasi və iqtisadi sanksiyalarla bağlıdır. Sanksiyalar 100 milyardlarla dollar həcmində zərər vurur , bu zərər hər gün artır. Rusiyanın siyasi şəxslərinə qarşı məhdudiyyətlərin qoyulması, nüfuzuna ciddi şəkildə xələl gətirən məqamdır.
Əgər bu proses belə davam edəcəksə, Rusiya İran və Şimali Koreya kimi qapalı dövlətə çevrilmək məcburiyyətində qalacaq. Rusiyanın qapalı dövlətə çevrilməsi, özünə vuracağı zərərlə yanaşı dünya iqtisadiyyatına da ciddi zərər vuracaq. Çünki ərazicə ən böyük dövlətdir, əhalisinə görə ön yerlərdədir, xammalına, təbii sərvtlərinə görə aparıcı rola malikdir. Bütün Avropa dövlərlərinin istehsal etdikləri enerjinin yarısı Rusiyadan idxal edilir”.
Xəyal Bəşirovun fikrincə, bu prosesdə Qərb, Avropa dövlətləri də ciddi şəkildə zərər görəcək: “ Bu prosesdə yalnız itirməkdən söhbət gedə bilər. İtirən dövlətlərdən biri də Qərb, NATO oldu. Çünki NATO-nun da deyildiyi gücə malik olması sübut olunmadı. Ukrayna bir daha göstərdi ki, dünyada müharibə yolu ilə uğur əldə etmək mümkün deyil. Ukraynanın NATO- ya daxil olmasının qarşısını Rusiya sülh və danışıqlar yolu ilə ala bilərdi, lakin bu imkanlardan istifadə etmədi".
Nigar Abuzər
SİTAT.İNFO