Son illər Azərbaycan valyutası öz sabitliyini etibarlı şəkildə qoruya bilir. Bunu Azərbaycan dövlətinin məzənnəni inzibati qaydada tənzimləmə siyasətinin nəticəsi hesab etmək olar. Manatın regionda ən sabit valyutaya çevrilməsi onun ödəniş və yığım funksiyasını da gücləndirib. Bununla yanaşı, dünyada dolların möhkəmlənməsi müşahidə olunduqca, Azərbaycanda da valyutaya tələbin artacağı ehtimalı güclənir. Azərbaycanda banklarda dollar almaqla bağlı məhdudiyyət də əhalini narahat edir. Bəs, dünyada dolların bu qədər möhkəmlənməsi Azərbaycanda dollara marağı artırıbmı?
Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirdi ki, Azərbaycanda 1 nəfərə 20 min manatlıq illik limit dollar almaq məhdudiyyəti var, amma bu qeyri-rəsmidir: “Dövlət orqanının bununla bağlı bir qərarı yoxdur. Bu da o deməkdir ki, hansısa qeyri-rəsmi göstəriş var. Rəsmi olmadığı üçün bunun səbəbini əsaslandırmaq mümkün deyil".
Hətta 20 minlik limiti keçdikdə vergi orqanları buna görə həmin şəxsləri vergiyə cəlb edir. Bu gülünc hadisədir. Vətəndaş banka istədiyi qədər əmanət qoyanda, ev, avtomobil alanda vergiyə cəlb etmirlər. Amma dollar alışına limit və vergi tətbiq olunur. Aydındır ki, bu xarici valyuta alışına qoyulan məhdudiyyətdir. Səbəbi də insanların daha çox valyuta almasının qarşısını almaq, bu prosesin manatın sabitliyinə mənfi təsirini azaltmaq istəyidir. Buna səbəb tapmaq mümkün deyil”.
İqtisadçının fikirlərinə əsasən, bu gün neftin qiyməti artdığına görə Azərbaycanda valyuta gəlirləri çoxalıb: “Bu qiymətlər uzunmüddətli deyil, ona görə də insanlar özlərini sığortalıyırlar. Dünyada və Azərbaycanda dollar milli valyutaya nisbətdə möhkəmlənir. Amma bizdə manat dollara bağlı deyil, sabitdir. Bizdə artıq digər valyutalar Avropaya nisbətdə ucuzlaşıb. Amma yenə də dollar əmanətləri üzrə faiz banklarda aşağıdır. Əksəriyyəti manatla qoyulur. Əminlik var ki, devalvasiya gözlənilmir”.
Safura Bənnayeva
SİTAT.İNFO