Mahmudov Faberjenin antik əsərlərini ələ keçiribmiş - 1,6 milyonluq dələduzluq

15:22 5 Fevral 2022

Dələduzluq əməllərinə görə Ukraynada saxlanılaraq Azərbaycana təhvil verilən​ Maqsud Mahmudovun vətəndaşlara vurduğu ziyanın miqdarı müəyyənləşib.

“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, istintaq zamanı məlum olub ki, M.Mahmudov aldatdığı şəxslərə ümumilikdə 1,6 milyon manata yaxın ziyan vurub. O, əsasən vətəndaşların qızıl zinət əşyalarını lombarda götürməklə aldadıb. Belə ki, lombarda götürdüyü qızılların qarşılığında az miqdar pul verib. Əvəzində həmin qızılları banklara girov qoyaraq böyük həcmdə pullar götürüb. İttihama görə, Mahmudovun vurduğu ziyanın 1,4 milyon manatı hazırda da ödənilməmiş vəziyyətdə qalır.

Onun ən çox zərər vurduğu şəxs kirvəsi Aslan Qəhrəmanov (615 min manat), tanışları Rasim Bayramov (335 min manat), Rövşən Əlibəyli (222 min manat), Məzahir Ağayev (100 min manat) və İlham Kərimov (98 min manat) olub.

M.Mahmudov maddi sıxıntıda olduğunu deyərək əvvəlcə kirvəsinin evini satdırıb, daha sonra qızıl-zinət əşyalarını nisyə alaraq pulunu yaxın zamanda verəcəyini deyib. O, kirvəsini inandırıb ki, Bakıdakı “Las Veqas” restoranın sahibidir və qısa müddətdə restoranı satıb bütün pulu qaytaracaq.

Mahmudov tanışı Rasim Bayramova isə mədəni-tarixi əşyaları talamaqla ziyan vurub. Belə ki, sabiq iş adamı Rasimdən borc istəyib. Rasim Bayramov nağd pulu olmadığı üçün Maqsuda 125 min manat dəyərində qızıl saat, üzük, boyunbağı və s. kimi zinət və iki ədəd antik əşya verib. Antik əşyaların orijinallığı Mədəniyyət Nazirliyi Dövlət Ekspert Komissiyası tərəfindən verilən rəylə təsdiqlənib. Bunlardan biri 1896-cı ilə aid Rusiya İmperiyasında istehsal edilmiş zümrüd, yaqut və mirvari qaşlardan hazırlanmış “Həyat ağacı” kompozisiyası, digəri isə 3,8 kq çəkidə mədəni irs sayılan gümüş meyvəqabı olub. Hər iki əşyanın müəllifi XIX əsrdə yaşamış rusiyalı zərgər, dünyaca məşhur “Faberje yumurtası”nın müəllifi kimi tanınan Karl Faberje olub. Bu iki əşyanın ümumi dəyəri 210 min manat təşkil edib.

M.Mahmudov uzun illər tanıdığı İlham Kərimova da mədəni irs nümunələri “atıb”. O, Kərimova məxsus 1889-cu ildə Rusiyada istehsal edilmiş, numizmatik kolleksiya əhəmiyyəti kəsb edən 32 ədəd qızıl sikkəni alaraq yoxa çıxıb.

Qeyd edək ki, Maqsud Mahmudovun 92 nəfəri aldadaraq dələduzluq etdiyi bildirilir. Zərərçəkmişlər arasında Əməkdar artist Vasif Məhərrəmli və müğənni Afət Fərmanqızı da var.

M.Mahmudovun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.



Xəbər xətti