Abadan əhalisinin antidövlət şüarları İran Dövlət Televiziyasının canlı yayımını kəsməsinə səbəb olub.
Sitat.info xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, Abadan əhalisi İran Ekspertlər Şurasının Xuzestan əyalətindəki üzvü Möhsün Heydəri Əlikəsirin Dövlət Teleradio Şirkətində canlı olaraq yayımlanan çıxışına mane olub.
Belə ki, onun çıxışı zamanı ətrafdakı insanlar hökumətə qarşı "bişərəf, bişərəf" şüarları səsləndirməyə başlayıblar. Bu zaman canlı yayım məcburiyyət qarşısında yarıda dayandırılıb.
"Həmşəhri" saytının məlumatına görə, yerli əhali "fit, alqış, şüarlar və dövlət kanalının kameralarına hücumlarla" hakimiyyətə kəskin etirazlarını bildiriblər.
Əlikəsirin çıxışı dayandırıldıqdan sonra təhlükəsizlik qüvvələrinin etirazçılara hücum etdiyi və əhalini zorla dağıtmağa çalışdığı bildirilir.
SİTAT.İNFO