"Paşinyan Ermənistanı "qurbanlıq qoyun" vəziyyətindən çıxartmaq istəyir"

07:50 31 May 2022

Hazırda Ermənistanınpaytaxtı İrəvanda Paşinyan hakimiyyətinə qarşı, xüsusən də onun Azərbaycanla apardığı sülh danışıqlarına qarşı ı keçirilən mitinqlərlə bağlı müxtəlif fikirlər səslənir. Bəziləri bu proseslərdə Paşinyanın öz əlinin olduğunu, digərləri isə ona qarşı bir təzyiq vasitəsi kimi istifadə etmək məqsədi güdən Rusiyanın oyunu olduğunu deyirlər.  Bəs əslində bu etirazlar haradan qaynaqlanır və son məqsədə çatmaq mümkün olacaqmı? 

Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirdi ki, bir çoxları bunun Rusiya hakimiyyəti tərəfindən təşkil edildiyini deyir: "Mən inanmıram ki, bunu Rusiya etsin. Çünki Rusiya hakimiyyətinin orada ciddi bir plan qurmaq imkanı yoxdur. Həm maliyyə cəhətdən, həm də hərbi cəhətdən. Sadəcə olaraq Rusiyanın mərkəzi hakimiyyətində müəyyən siyasi qüvvələr var ki, rrmənilərlə başqa oyunlar oynayırlar. Həm də  Rusiyada erməni lobbisi var. Rusiyanın siyasi elitasında da müəyyən qüvvələr və qruplaşmalar var ki, onların işarəsi ilə Ermənistanda situasiyanı dəyişmək üçün son cəhdlər edilir. Amma özləri də başa düşürlər ki, onların bu güclə, Ermənistanın daxilindəki bu sosial baza ilə Paşinyanı devirmək imkanları yoxdur. Yəni, kütləvi sosial bazaları yoxdur". 

Akif Nağı hesab edir ki, 10-12 minlik mitinq hakimiyyəti dəyişmək üçün yetərli deyil : "Əgər sən hakimiyyətə iddialısansa, sənin ən azından bir 100 minlik mitinqin olmalıdır. İndi orada görüntü yaratmağa çalışırlarsa, hamı hər şeyi görür və hesablayır ki,  sosial bazaları olmayan bu qüvvə ilə hakimiyyəti devirmək mümkün deyil. Həmin insanlar hansısa sosial etiraz üçün yox, konkret bir məqsəsə çatmaq üçün oraya çıxırlar. O insanların sayı da bir neçə min ola bilər. O bir neçə minlə də Ermənistanda situasiyanı dəyişməyə çalışırlar. Kütləvi mitinqə gedə bilmirlər, amma yolları bağlayırlar, metroya girirlər. Ümumiyyətlə dünya praktikasında metroya girmək, qatarların hərəkətinə maneə törətmək çox böyük cinayət hesab olunur. Strateji obyekt olduğu üçün insanların həyatını təhlükə altına atırlar". 

QAT sədri əlavə etdi ki, Paşinyan bütün bunları görür və normal qarşılayır: "O, son açıqlamasında da bildirdi ki, bu sadəcə demokratiyanın mənzərəsidir: "Özünü o şəkildə arxayın göstərir ki, guya  bunların heç bir təsiri yoxdur. Etirazçıların orduda kifayət qədər imkanları yoxdur. Paşinyan ordunu müəyyən qədər təmizləyə bildi. Köçaryan, Sarksiyan uzun illər orada kadrları yetişdirmişdi,  zabitlərin içərisində adamları var idi. Onlar müəyyən olundu, generallar həbs olundu, uzaqlaşdırıldı. O bunların hamısını səbəbsiz eləmirdi. Yəni, müxalifətin ordu da ciddi bir dəstəyi yoxdur. Xüsusi xidmət orqanlarının da onlara  ciddi bir dəstəyi yoxdur. Paşinyan kadr siyasətini də apardı, prezidenti çıxartdı, özü istədiyi adamı gətirib prezident qoydu. Yəni bunların hamısı düşünülmüş bir siyasət idi ki, öz mövqeyini gücləndirsin".

A. Nağı onu qeyd etdi ki, 50-60 ildən sonra faktlar ortaya çıxa bilər ki, Paşinyanın da  kimləsə nəsə razılaşması, sövdələşməsi olub: "Ermənidir, ona görə də, hansısa sövdələşmənin olmaması mümkün deyil. Amma hər halda mənim düşündüyüm odur ki, o Ermənistanı alət olmaq vəziyyətindən çıxartmaq istəyir. Ermənistanı qurbanlıq qoyun vəziyyətindən çıxartmaq istəyir ki, bizim də öz siyasətimiz olsun, müstəqil hərəkətimiz olsun, dövlətimiz yer tutsun, mövqe tutsun , kiminsə əlaltısı olmasın.Paşinyanın xaricdən də əlaqələr var, Sorosun xətti var, Rusiyadakı erməni lobbisinin dəstəyi var. Rusiyadakı lobbinin bir hissəsi Paşinyanı dəstəkləyir. Bəlkə də dünyada ən güclü erməni lobbisi Rusiyadadır. Hakimiyyətə də təsir imkanları var. Amma onların içərisində də müəyyən bir fikir ayrılığı var. Həmçinin Ermənistan müxalifətinin xalqdan dəstəyi azdır. Onlar insanları bir araya gətirən şüar tapa bilmədilər. İndi bəyənmədiyimiz Lenin o vaxtı "torpaq kəndlilərə" şüarını ortaya  atdı,  Rusiyanın bütün avam kəndliləri ayağa qalxdılar ki, bizə torpaq verirlər. Yəni şüar insanları səfərbər edir.  Paşinyan yeni şüarla gəldmişdi - korrupsiyaya qarşı mübarizə, Rusiyanın təzyiqlərinə qarşı mübarizə. İnsanlar o iddianı qəbul elədilər və hərəkətə gəldilər. Onminlərlə insan küçələrə çıxdı. Müxalifətin indi ortaya atdığı şüar isə budur ki, "Qarabağ Ermənistana qaytarılmalıdır". Bu şüarla onlar 30 il ortada oldu, nəticəsi də olmadı, camaat da bunu gördü. Yenidən o köhnə şüarla ortaya çıxırlar, indi Saqateryan çox fəaldı, mitinqdə çıxış edir, qışqırır, Qarabağdan başqa ayrı bir söz danışa bilmir. Və bu da artıq heç bir insanı tərpətmir. Ona görə onların bu tərəfdən də hərəkəti uğursuzluğa düçar oldu, insanları cəmləşdirən, bir araya gətirən şüar tapa bilmədilər".

Ləman Sərvanqızı

SİTAT.İNFO



Xəbər xətti