"Xankəndi Qafqazda Rusiyanın sonuncu ümid yeridir" - Akif Nağı ilə MÜSAHİBƏ

07:10 31 May 2022

SİTAT.İNFO- nun  növbəti qonağı Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı olub. Akif Nağı ilə Qarabağdakı qondarma rejimin fəaliyyəti, Azərbaycan-Ermənistan danışıqları, Rusiya-Ukrayna müharibəsi ilə bağlı müsahibəmizi sizə təqdim edirik. 

- Son vaxtlar Azərbaycanla Ermənistan arasında keçirilən danışıqlarda  sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və sair kimi məsələlər müzakirə olunsa da, Qarabağ mövzusu, Xankəndi və ətraf ərazilərin taleyi kənarda qalır.  Bu məsələyə niyə toxunulmur? Vaxt uzandıqca qondarma qurum bölgədə daha dərindən yerləşir. Sizcə, bu mövzuda Azərbaycanla açıq və ya gizli şəkildə razılaşma varmı?

- Bu narahatedici məsələdir. İllərdir Qarabağın işğaldan azad olunması uğrunda mübarizə aparırıq. Dediklərimiz son 25-26 il  ərzində yerini tutdu. Məsələ müharibə ssenarisi ilə həll olunmalı idi. Buna görə bizə müxtəlif təzyiqlər oldu, həbslər oldu. Ancaq daim mövqeyimizdə qaldıq. Sonda məlum oldu ki, başqa yolu yoxdur. Həm daxildə, həm xaricdə müəyyən məqam yetişməli idi. İkinci Qarabağ müharibəsi göstərdi ki, həqiqətən daxildə və xaricdə ətraflı hazırlıq işləri görüldü, ondan sora bu addım atıldı. Nəticə də kifayət qədər uğurlu oldu.  İşğal altında olan 14 min kv/km ərazimizin, təxminən 11 min kv km-i azad olundu. Bəzən o ərazilərin işğal altında qalması ilə bağlı fikirlər səslənir. Azərbaycanın gücü  Xankəndinə qədər getməyə kifayət edirdi, amma bizim bilmədiyimiz məsələlər var. Burada münasibətlər sistemi, Rusiya, Türkiyə münasibətləri, eləcə də, Qərb dövlətlərinin, regionun  maraqları dayanır. 2011-ci ildə hərbi qələbə modelini təklif etmişdik. Həmin il o konsepsiyanı Milli Məclisə, prezidentə göndərdik, mətbuatda da çap olundu. İkinci  Qarabağ  müharibəsindəki qələbədən sonra isə, 2021-ci ilin ortalarında tam qələbə modelini təqdim etdik. Orada da onu göstərdik ki, böyük qələbə əldə olunub. Amma nə qədər ki, Xankəndi, Əsgəran, Ağdərə, Xocalı və digər yaxın ərazilər, 3 min kv km- lik ərazimiz hələ də bizim nəzarətimizdə deyil, biz tam qələbədən danışa bilmərik. Bu istiqamətdə işlərimizi aparırıq. Gizli razılaşma varmı sualına gəldikdə, razılaşma var , amma gizli deyil . Çünki 10 noyabr 2020- ci il razılaşmasından sonra Putin açıq şəkildə Azərbaycanın nəzarətində olan ərazilərlə bağlı razılaşdıqlarını, Xankəndi və ətraf ərazilərdə müəyyən müddətə qədər status-kvo saxlanılacağını bildirdi. Azərbaycanın bu qərara Rusiya sülhməramlılarının nəzarəti altında qalması şərti ilə razılaşıb. Ancaq status-kvonun, ermənilərin orada saxlanılması bizi narahat edir. Müəyyən dövr üçün orada hansısa beynəlxalq dövlətin sülhməramlıları, hərbi qüvvələri yerləşməyi mümkümdür. Amma oradakı quldur, separatçı rejimin saxlanılması məntiqli deyil.

30 min itkisi Rusiyanın imkanlarının tükəndiyi anlamınına gəlmir. Rusiya öz məqsədlərinə çatmaq üçün yarım milyon da itki verər

- Qondarma rejimin ombudsmanı açıqlama vermişdi ki, guya “Artsax”ın 118 kəndini Azərbaycan işğal edib. Və bu fikri dünyaya yaymağa çalışırlar. Ermənilərin informasiya müharibəsində yenidən önə keçməmələri üçün hansı addımları atmalıyıq?

-İnformasiya müharibəsi kifayət qədər aparılır və Xankəndidəki rejim də məsələni o şəkildə qoymağa çalışır. Hazırda Ermənistanda  müxalifət aksiyalar keçirilir. Onların da liderləri eyni mövqedən çıxış edərək, dünyaya "Biz də sülh istəyirik" fikrini çatdırmaq istəyirlər.  Amma onlar sülhün bəzi şərtlərini qeyd edirlər: “Sülhə qədər Azərbaycan "işğal etdiyi" Artsax ərazilərindən çıxmalıdır. Azərbaycan orda yaşayan ermənilərin öz müqəddəratını təyin etmək hüququna razılaşmalıdır”. Həttas Zəngəzurda Azərbaycan hərbi kontingentinin müəyyən məntiqlə  irəliləməsini Ermənistana müdaxilə kimi dəyərləndirdilər. O qurum heç bir halda Azərbaycanın tərkibinə qayıda bilməz. Ona görə də, öncə problemləri həll edib sonra sülh bağlamalıyıq. Azərbaycan müxtəlif istiqamətlərdə fəaliyyət göstərir. İnformasiya müharibəsində diaspor təşkilatları səviyyəsində, dövlət səviyyəsində konkret ifadələr işlənilməlidir, xəttlər qoyulmalıdır, təbliğat aparılmalıdır. Azərbaycanda o işləri qeyri-hökumət təşkilatları həyata keçirməlidir. Mən inanmıram ki, ermənilərin təbliğatına kimlərsə uysunlar. Vaxtı ilə  informasiya cəbhəsində məğlub olurduq. Və  düşmən dünya belə təqdim edirdi ki, Ermənistan Dağlıq Qarabağdakı ermənilərlə birgə düzgün hərəkət edib, öz haqqlarını reallaşdırıblar, Azərbaycan da bununla hesablaşmalıdır. İkinci Qarabağ  müharibəsindən sonra , Azərbaycan Prezidentinin açıqlamalarında da bu təzyiqlərin olduğu ortaya qoyuldu.  Avropa təşkilatlarının, beynəlxalq qurumların, ATƏT-in, AŞ-ın sənədlərində  o məsələni qoymağa çalışırdılar ki, Azərbaycan faktlarla hesablaşmalıdır. 2008-09- cu illərdə onlar Avropa Şurasının  sənədlərinə də o ifadəni salmağa cəhd etdilər, hətta bir neçə dəfə saldılar. Azərbaycan tərəfindən məsələnin yanlış  yönəldilməsi ilə bağlı  səfirliklərə müraciətlər, etirazlar oldu. Ermənilər o dövrdə bu rəyi yarada bilmişdilər, indi isə, əksinə proses gedir, dünya Azərbaycanın mövqeyilə hesablaşır. Tutaq ki, İkinci Qarabağ müharibəsindən dərhal sonra Amerika və Avropanın mövqeyi fərqli idi. Açıq şəkildə bildirirdilər ki, Azərbaycan status məsələsini müzakirəyə çıxarmalıdır, Minsk qrupu həmsədrləri çərçivəsində danışıqları davam etdirməlidir. Bu birbaşa ermənilərin maraqlarına xidmət edən məsələ idi. O cümlədən Qarabağdakı qondarma quldur rejimin dedikləri ilə üst- üstə düşürdü. Amma Azərbaycan buna müqavimət göstərdi və faktiki olaraq Amerika, Fransa , Rusiya ilə birgə həmsədrlikdən imtina etdi. Onlar həmsədrləri səfir adı ilə regiona göndərməyə başladılar. Amerika, Fransa, daha sona Rusiya da bu addımı atdı. Yəni Azərbaycan nəticəyə nail oldu. 1997-ci ildən "əvəzolunmaz" ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik həmişə açıq -aşkar ermənilərin xeyrinə siyasət yeridib, onların mövqeyində olub. Hazırda onun da statusu qeyri-müəyyən vəziyətdə qalıb. Azərbaycana gələ bilmir, çünki dövlət onu qəbul etmir. Ermənistana gedir, rəhbərlərlə görüşür. Son günlərdə isə 2 dəfə kiçik fasilə ilə xarici işlər naziri ilə görüşüb. Regiondakı vəziyəti, delimitasiya və başqa məsələləri müzakirə ediblər. O da özünü tam şəkildə  kənarda hiss edir. Reallıq bundan ibarətdir, lakin  bizə kifayət etmir. Azərbaycan məsələni aydın şəkildə qoymalıdır ki, bu cür oyunlara ,hərəkətlərə, yalnış açıqlamalara son verilsin. Ölkənin mövqeyi konkret  şəkildə qəbul olunmalıdır: “Azərbaycan müharibədə öz  torpaqlarını azad edib, Ermənistan və Qarabağdakı quldur rejimi də bu reallıqla hesablaşmalıdırlar”.

- Bəs danışıqlar prosesindən konkret nəticə gözləyirsinizmi?

- İndiki şəraitdə biz danışıqların əleyhinəyik. Ermənistanın sülh, delimitasiya kimi danışıqlardan, görüşlərdən vaxt uzatmaq üçün  istifadə etdiyini dəfələrlə demişik. Paşinyan tez-tez mövqelərini dəyişir. Onların məqsədi də bu yolla müəyyən vaxt qazanmaq və  güclənməkdir. Bu ehtimal da azdır, çünki cəmiyyətin nə iqtisadi, nə hərbi gücü yoxdur. Həm mənəvi, həm psixoloji vəziyət aşağı səviyyədədir. Buna görə də, onların özlərinə gəlmələri, ordu yaratmaları qeyri-mümkündür. Beynəlxalq aləmdə vəziyyətin dəyişməsini , Rusiyanın və Amerikanın hansı mövqedən çıxış edəcəklərini gözləyirlər. Hazırda qəribə vəziyət yaranıb. Amerikanın dövlət katibi Azərbaycanın mövqeyini dəstəklədiyini bildirir, digər tərəfdən Ermənistandakı səfiri Linn Treysi  açıq şəkildə statusla, müqəddaratı təyin etmə hüququ ilə bağlı ermənilərin mövqeyindən çıxış edir. Bu həmin qeyri - müəyyənliyin göstəricisidir. Azərbaycan da bu məsələdə qeyri- müəyyənliyi aradan qaldırmaq üçün addımlar atmalıdır. Onun üçün ölkəmiz danışıqlara gedir, getməsə  deyəcəklər ki, danışıqlardan imtina edir. Amma danışıqlara gedirsə, konkret vaxt limiti olmalıdır.

Ukraynada  gedən proseslər müxtəlif istiqamətlərdə hadisələri sürətləndirə bilər.

- Hazırda müzakirə olunan məsələlərin həlli nə qədər zaman ala bilər? Bu müddət ərazində sülhməramlıların nəzarətində olan ərazilərdə nələr baş verəcək?

- Delimitasiya, demokrasiya, kommunikasiyanın açılması, sülh müqaviləsi həddindən artıq çox vaxt aparan məsələlərdir. Çünki praktikadan bilirik ki, Azərbaycan bu günə qədər Gürcüstanla hələ delimitasiya, demokrasiyanı başa çatdırmayıb. Rusiya ilə də müəyyən problemlərimiz qalır. Ona görə də, bu  prosesə daxil olsaq, ermənilər vaxtı uzadacaq. Şərti olaraq Xankəndi məsələsi birinci növbədə həll olunmalıdır. Xankəndi, Ağdərə, Xocalı, Əsgəran  və digər ərazilərin tam şəkildə Azərbaycanın nəzarətinə qaytarılmasını düşünürük. Azərbaycan hökuməti Xankəndi və digər ərazilərdə oturmalıdır, ondan sonra delimitasiya, sülh müqaviləsindən danışmaq olar.  Ermənilərin ssenarisi ilə proses tərsinə başladı. Tutaq ki,  razılaşma əldə olundu, yol açıldı. Türkiyə, Naxçıvan, Azərbaycan, Ermənistan ərazisindən keçdi, Zəngəzur dəhlizindən keçirik, yüklər də daşınır və hamı da razıdı. Xankəndiyə əlimiz çatmır, amma yolun işləməsinə sevinməli olacağıq. Ona görə də yol açılmamışdan öncə Xankəndi məsələsi həll olunmalıdır.

- Rusiya-Ukrayna müharibəsində son vəziyəti necə dəyərləndirirsiz? İddialara görə, Rusiya Suriyadan qoşunlarını çəkir, canlı qüvvə itkisi çox böyükdür. Nə vaxtsa Rusiyanın Qarabağdan da sülhməramlıları geri çəkməsi mümkündürmü? Rusiyanın o dərəcədə məğlubiyyətə doğru gedəcəyini gözləyirsizmi?

- Rusiya Qafqazdan çıxmaq istəmir. Bəlkə də, Qarabağ Rusiyanın regionda axırıncı ümid yeridir. Gürcüstanla vidalaşıb, Ermənistanın taleyinin necə olacağı bilinmir. Azərbaycanla Ermənistanda möhkəmlənə bilməsə, Rusiyanın yeganə ümidi absurd səslənsə də,  Xankəndidə, Dağlıq Qarabağ dediyimiz ərazidə bazasını saxlamağıdır. Rusiya elə bir vəziyyətə gəlib çıxıb ki, son ümid yeri oradır.

- Ruslar 5 il sonra çıxıb gedəcəklərmi?  Yoxsa bizim gözləntilərimiz əbəsdir?

- Bu bizim Türkiyə ilə birgə hərəkətlərimizdən asılıdır. 5 il də gözləməyə ehtiyac qalmaya bilər. Ruslar Ermənistanın silahlı qüvvələrini və qanunsuz silahlı dəstələrini neytrallaşdırmaq, zərərsizləşdirmək, silahsızlaşdırmaq üçün gəlib. Bu funksiyanı axıra qədər yerinə yetirir, ya yetirmirlər? Başqa funksiyaları nədən ibarətdir? Azərbaycan və Ermənistan arasında danışıqlar gedirsə, birbaşa təmaslar varsa, onlara ehtiyac yoxdur. Azərbaycanın kifayət qədər qüvvəsi var, öz sərhədlərini qoruya bilər. Yəni bu məsələlər Rusiyanın diqqətinə çatdırılır, o da artıq bu reallıqla hesablaşır. Ukraynada  gedən proseslər müxtəlif istiqamətlərdə hadisələri sürətləndirə bilər. Orada nə Rusiyanın tam qələbəsi, nə də Qərbin  istədiyi olacaq. Qərbin istədiyi o idi ki, Ukrayna bataqlığında Rusiyanın parçalanmasının əsasını qoysun. O da mümkün deyil. Rusiya İkinci Dünya müharibəsində milyonlarla itkiyə məruz qaldı. İnsan itkisi o qədər də onlar üçün həlledici deyil. Ukraynanın dediyinə görə, 30 min itkisi var. Bu itki ilə onların imkanlarının tükəndiyi  anlamınına gəlmir. Rusiya öz məqsədlərinə çatmaq üçün yarım milyon da itki verər".

Nigar Abuzər

SİTAT.İNFO

 

 



Xəbər xətti