2022-ci ilin I rübündə dövlət büdcəsinin xərcləri 5 mlrd. 629.5 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nəzərən 1.9% çoxdur. Azərbaycan Mərkəzi Bankının "Pul siyasəti icmalı"na əsasən, 2022-ci ilin yanvar-mart aylarında dövlət xərcləri daxili tələbin dəstəklənməsində əhəmiyyətli rol oynayıb. Neftin bahalaşmasını da nəzərə alsaq, maraqlıdır, iyunda büdcəyə dəyişiklik edilməsi mümkündürmü?
Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən iqtisadçı ekspert Eldəniz Əmirov bildirdi ki, artan inflyasiya meylləri əhali kütləsinin xərclərini ciddi şəkildə çoxaldır: “Bunu qarşılamaq üçün ötən ilin sonlarında cənab prezident 20-40 faiz intervalında müxtəlif müəssisə və təşkilatlarda çalışan insanların əməkhaqqının artırılması ilə bağlı fərman verdi. Bu məsələdə yararlanmayan vətəndaşlarımız da az olmadı. Çünki bilavasitə minimum əməkhaqqı alan insanların da gəliri artdı, müəyyən dərəcədə sosial ödənişlərdə artımlar oldu. Amma elə əhali kateqoriyası var ki, nə sosial müavinətlər alır, nə də dövlət büdcəsindən mailiyyələşən təşkilatlarda çalışır. Belə insanlara dəstəyin göstərilməsinə böyük ehtiyac var. Ehtiyacları qarşılamaq üçün ölkənin kifayət qədər valyuta ehtiyatları var. Hətta mövcud valyuta ehtiyatlarına toxunmadan belə, hansısa məbləğin dövlət büdcəsinə transferi formasında, neft gəlirlərinin verdiyi fürsətlərdən istifadə edərək büdcənin xərc hissəsinə yenidən baxıla bilər. Bunun sayəsində inflyasiyanın daha çox təsirləndirdiyi əhali kütləsi müəyyən qədər güzəştlər, maddi təminat, dayanıqlılıq əldə edər”.
İqtisadçı ekspert qeyd etdi ki, 2022-ci ilin dövlət büdcəsində gəlir hissəsi hesablanarkən, neftin qiyməti 50 dollardan götürülmüşdü: “Hazırda isə neft o məbləğdən 150 faiz baha satılır, bu da gəlirlərin yaxşı mənada kifayət qədər artmasına gətirib çıxarır. Artmış gəlirlər büdcəyə yenidən baxmağa imkan verir. Bu zaman işğaldan azad olunmuş ərazilərimizdə yenidənqurma işlərinin sürətləndirilməsi üçün vəsaitin artılıması da mümkündür. Xərclərin artırılması zamanı kənd təsərrüfatı istehsalının stimullaşdırılmasında dəstək üçün müəyyən mexanizmləri tətbiq oluna bilər”.
Eldəniz Əmirov ərzaq böhranı, buğda idxalından asılılıq kimi problemlərimizin də olduğunu vurğuladı: "İşğaldan azad olunmuş, eləcə də, digər ərazilərdə mümkün qədər buğda istehsalını artırmaq, keyfiyyətli toxum idxalını həyata keçirmək, eləcə də ölkənin ərzaq ehtiyatının daha da yaxşılaşdırılması məqsədilə müəyyən vəsaitlərin ayrılmasını təmin etmək istiqamətində büdcənin xərc hissəsinə yenidən baxıla bilər”