Putin Paşinyanla danışıb: Rusiya Qafqazı itirmək qorxusu yaşayır...

07:20 3 İyun 2022

Dünən Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Bu barədə Kremlin mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, liderlər Cənubi Qafqazdakı durumu müzakirə ediblər.

“Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında üçtərəfli sazişlərin icrası müzakirə edilib. Həmçinin regional sabitliyin təmin edilməsi, o cümlədən Cənubi Qafqazda nəqliyyat və logistika infrastrukturunun inkişafı üçün birgə işin intensivləşdirilməsinin vacibliyi vurğulanıb”- məlumatda vurğulanıb.

Paşinyan Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə mayın 22-də baş tutan təmaslarından danışıb. Telefon danışığı zamanı ikitərəfli gündəlikdəki aktual məsələlərə toxunulub. Nikol Paşinyan və Vladimir Putin strateji tərəfdaşlıq və müttəfiqlik prinsiplərinə uyğun olaraq sıx əməkdaşlıq etmək niyyətində olduqlarını bildiriblər. Bir gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyevlə rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olmuşdu.

SİTAT.İNFO- ya açıqlamasında bütün bu danışıqların mahiyyətini şərh edən siyasi şərhçi Kənan Novruzov bildirdi ki, Rusiya regionda təsir gücünün azaldığını başa düşür: "Bunun əsas səbəbi isə Ukrayna ilə davam edən müharibə və bunun fonunda Qərbin, o cümlədən Avropa İttifaqının vasitəçilik təşəbbüslərinin intensivləşməsidir. Bakı ilə İrəvan arasında əlaqələrin normallaşması, şübhəsiz ki, Kremlin ürəyincə deyil. Bu mənada hazırda bölgədə baş verən proseslər Moskvanı narahat etməmiş deyil. İkinci bir tərəfdən, şübhəsiz ki, Rusiya həm də Azərbaycanla Ermənistan arasında Aİ-nin vasitəçiliyinin artmasından, Brüsseldəki görüşlərin intensivləşməsindən narahatdır. Doğrudur, Aİ-nin fəallığı regiondakı “düyünün” tamamilə açılacağına dəlalət etmir. Amma bu, Rusiyanın təsir gücünə ciddi zərbə olacaq. Şimal qonşumuz üçün isə bu, arzuolunmazdır".

K.Novruzovun sözlərinə görə, məhz bu səbəbdən hətta başı Ukrayna ilə müharibəyə qarışdığı bir vaxtda belə, regiona nəzarəti itirmək istəmir: "Rusiya istəyir ki, hətta “bəzi daşlar yerinə otursa” da, bu, onun təşəbbüskarlığı olsun. Eyni zamanda Ermənistanın Qərblə münasibətləri də Rusiyanın ürəyincə deyil. Putin Paşinyanın Ukrayna ilə müharibədə tamamilə onu dəstəkləməsini istəyir. Əlbəttə, İrəvanın hansısa dəstəyi Moskva üçün heç də həlledici deyil. Sadəcə olaraq Kreml bu yolla Ermənistanı Qərbdən “qoparmaq” istəyir".

Siyasi şərhçi vurğuladı ki, Kremlin təşəbbüsü ilə Azərbaycan, Rusiya və Ermənistan üçbucağında təmasların bundan sonra intensivləşməsi mümkündür: " Hətta yaxın vaxtlarda liderlərin Rusiyaya safərinin gündəmə gəlməsi də istisna deyil. Bütün hallarda, Rusiya mümkün qədər çalışacaq ki, regional proseslər nəzarətində olsun. Həmçinin Rusiyanın tərəflər arasındakı normallaşma əlaqələrniə mane olması da mümkündür. Yəqin ki, bu məsələlər Rusiya xarici işlər naziri Sergey Lavrovun iyunun 8-dəki Türkiyə səfərində də müzakirə olunacaq". 

Safura,

SİTAT.İNFO



Xəbər xətti