"Rusiya hədəfinə nail olacaq, uduzan Avropadır" - Professor "Qərbin çirkin oyunu"ndan danışdı

10:03 4 İyun 2022

Müharibənin müəyyən bir mərhələsində Qərb Ukraynanı maksimum dəstəklədi, silah-sursat göndərdi, informasiya siyasəti ilə Rusiyanı zəiflətməyə çalışdı. Amma indi sanki əksinə bir proses başlayıb. Və fikir ayrılıqları həm NATO-da, həm də Qərbdə müşahidə edilməkdədir. Kissincerin açıqlamasında da məlum oldu ki, bu silahlandırma, Ukraynanın əli ilə Rusiyanın zəiflətməsinə nail olmaq heç də çıxış yolu deyil. Bu durum  Çin-Rusiya ittifaqını daha da gücləndirə bilər və Qərbin, Amerikanın qarşısında daha böyük bir dünya gücü ortaya çıxmış olar. Bununla bağlı həm də Zelenskiyə ərazi güzəştə getməsi təklif olunur. Bəs  görəsən, Qərbdə və NATO alyansında fikir ayrılıqları artacaqmı? Yoxsa Qərb müharibənin əvvəlində olduğu kimi prosesi uzadıb Putini daha da zəiflətməyə davam edəcək ? 

Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən iqtisadçı alim Elşad Məmmədov bildirdi ki, Rusiya ilə Ukrayna arasında hərbi münaqişə kontekstində və müharibə prosesində hansısa mərhələdə Qərbin maksimum Ukraynaya dəstək verdiyini düşünmür: "Sözsüz ki, dəstək olurdu, amma o dəstək məhdud çərçivədə idi. Və münaqişənin taleyinə önəmli təsir göstərə biləcək səviyyədə dəstək olmadı. Və bunun da müxtəlif səbəbləri var. Ən başlıcası da odur ki, heç kim, özəlliklə böyük güc mərkəzləri dünyada bəşəri fəlakətə səbəb ola bilən bir dünya müharibəsinin reallaşmasında maraqlı deyil. Ona görə də, Rusiya, ABŞ, Çin, Hindistan kimi güc mərkəzləri hər bir halda hansısa açıq və yaxud qapalı formada razılaşmalara getməyə məhkumdurlar. Və Ukraynaya dəstək zamanı da  son nəticədə sadaladığım böyük güc mərkəzlərinin həyati baxımdan bu maraqları qorunacaq. Bu mənim fikrimdir. Və hesab edirəm ki, Ukraynaya hansısa bir həlledici ola biləcək dəstəyin verilməsini bundan sonra da gözləmək mümkün deyil". 

Elşad Məmmədov qeyd etdi ki, hərbi münaqişənin ssenarisinin aylar öncədən güc  mərkəzləri tərəfindən hazırlanıb, razılaşdırıldığı heç də  istisna deyil: "Bu gün baş verən proseslər heç də təsadüfi hesab oluna bilməz. Son nəticədə, sözsüz ki, ən çox uduzan, ən çox zərər çəkən Ukrayna xalqı, Ukrayna dövləti oldu. Zənnimcə, bu dövlətin artıq əvvəlki formada, əvvəlki coğrafiyada qalması mümkün görünmür. Və bu da Ukraynaya rəhbərlik edən siyasətçilərin,  nə dərəcədə dövlət rəhbərliyinə adekvat olub-olmaması məsələsini ortaya qoymaqdadır". 

Elşad Məmmədov vurğuladı ki, Qərb çox çirkin bir oyuna getdi: "Son nəticədə hərbi münaqişənin nəticəsi bəllidir. Çünki  güclər bərabər deyil. Rusiya Ukrayna ilə bağlı qoyduğu hədəflərə nail olacaq, Ukraynanın dövlətçiliyi, gələcəyi çox böyük problemlərlə üz-üzə qalacaq. İqtisadi cəhətdən isə uduzan Avropa olacaq, Avropa İttifaqı (Aİ) olacaq. Çünki Avropa İttifaqının (Aİ) inkişafı Rusiyanın təbii resusları olmadan dayanıqlı şəkildə reallaşdırıla bilməz. Fikrimcə, hədəflərdən biri də dünyanın yenidən bölgüsü ilə bağlı, bazarların yenidən bölgüsü ilə bağlıdır ki, bu da iqtisadiyyatda baş verən dərin böhranın çözülməsi yolu kimi təqdim olunur. Nəticədə Avropa İttifaqının (Aİ) real sektoru ciddi problemlərlə üz-üzə qalacaq, Rusiyanın təbii resuslarının, Rusiyanın ərzaq bazarındakı rolunun kritik əhəmiyyətə malik olmasını nəzərə aldıqda Afrika ölkələri, Latın Amerika ölkələri, Asiyanın bir hissəsi, Avropanın xeyli hissəssi çox böyük iqtisadi itkilərlərlə üz-üzə qalacaq. Böyük güc mərkəzləri isə yenidən dünya iqtisadiyyatında bazarları bölərək, öz hədəf bazarlarını müəyyən edəcəklər. Faktiki olaraq iki dünya müharibəsindən sonra olduğu kimi hazırki bu qeyri-müəyyənlik və hibrid müharibələr kontekstində formalaşan, (bəlkə də buna üçüncü dünya müharibəsi də demək olar) bu proseslərdən sonra, biz dünya iqtisadiyyatının, dünya bazarının yenidən formalaşdırılmasının, bölüşdürülməsinin şahidi olacağıq".

Ləman SƏRVANQIZI
SİTAT.İNFO



Xəbər xətti