Bayden və Consonun qaladığı tonqalda Avropa da yanır: Savaş xərclərini Qərb belə ödəyir...

07:18 4 İyun 2022

"Ukrayna savaşı Rusiyanın gələcək taleyini müəyyən edəcək bir ssenaridir. Bu planın əsas müəllifləri isə ABŞ və Böyük Britaniyadır. Ukrayna savaşının törədilməsində əsas hədəf yalnız Rusiya deyil, Avropa Birliyi və Çin də zəiflədilir. Çünki Rusiyaya tətbiq olunan sanksiyalar Avropa Birliyini də “vurur”. Bu isə o deməkdir ki, Avropa Birliyi məkanını maliyyə-iqtisadi böhrana sürükləməklə, onun əsas iqtisadi-ticari ortaqlarından olan Çinin də zəiflədilməsi nəzərdə tutulur. Ona görə də, Ukrayna savaşı böyük ehtimalla ABŞ və Böyük Britaniyanın (anqlosakslar) maraqları tam reallığa çevrilənə qədər davam etdiriləcək".

Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında siyasi şərhçi, "Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri Elçin Xalidbəyli deyib. 

Rusiyaya tətbiq olunan sanksiyaların gözlənilən təsiri göstərməməsinə yönəlik iddialara gəldikdə isə Elçin Xalidbəyli vurğulayıb ki, bu, reallığı tam əks etdirmir: " Sanksiyalar Rusiyaya sarsıdıcı şəkildə təsir göstərir. Sadəcə, Rusiyanın daxili resursları hələ tam tükənməyib. Kreml Rusiyanın sahib olduğu daxili resurslar hesabına hələ bir neçə ay da ABŞ və Qərbin sanksiyalarına tab gətirə bilər. 
Ancaq bir neçə aydan sonra, təxminən payız aylarına doğru Rusiya sanksiyaların böhranlı təsirləri ilə qarşı-qarşıya olacaq. Kremlin Ukrayna ilə sülh danışıqlarına can atmasının, Qərblə səhnəarxası sövdələşməyə cəhd göstərməsinin əsas səbəbi də bununla bağlıdır. Kremldə artıq anlayırlar ki, bir az da geciksələr, Rusiyanın çöküşü qaçılmaz olacaq və vəziyyətdən çıxış yolu kimi kapitulyasiya barədə düşünmək lazım gələcək".

Siyasi şərhçi vurğuladı ki, ona görə də, Kreml Rusiyaya qarşı sanksiyalardan ağır zərbələr almaqda olan Alminya, Fransa, İtaliya və Macarıstan kimi ölkələrlə anlaşmağa, bu dövlətlərlə qeyri-rəsmi müttəfiqliyə cəhd göstərir: "Həmin dövlətlər hazırda ikibaşlı oynayırlar, Rusiyaya qarşı sanksiyaların ləğvi üçün lobbiçilik etməyə çalışırlar. Ancaq kollektiv Qərb parçalansa da, ABŞ və Böyük Britaniya hələlik bu dövlətlərin “cilov”unu öz əllərində saxlamağı bacarır.
Hazırda Avropa Birliyi ölkələrinin, xüsusilə də Alminya, Fransa, İtaliya və Macarıstan kimi dövlətlərin sayəsində Rusiya enerji resurslarının ixracından hər gün 900 milyon dollar yaxın maliyyə vəsaiti qazanır. Bu məbləğ Rusiyanın Ukrayna savaşı ilə bağlı gündəlik hərbi xərclərinə uyğundur. Yəni, Rusiyanın savaş xərcləri məhz Avropa Birliyi ölkələrinin hesabına qarşılanır. Eyni zamanda, ABŞ və Böyük Britaniya Rusiyanı enerji resurslarından qazandığı maliyyə vəsaitini Ukrayna savaşında xərcləmək məcburiyyətində buraxır".

E.Xalidbəyli hesab edir ki, Rusiya rublunun möhkəmlənməsi də real iqtisadi faktorlara əsaslanmır: "Burada əsas səbəb rolunu Kremlin inzibati təsiri oynayır. Eyni zamanda, Kremlin enerji resurslarından qazandığı maliyyə vəsaitinin Rusiyanın sərhədləri içərisində qalması da önəmli faktordur. Belə ki, hazırda Rusiyanın idxal sahəsi məhdudlaşdırılıb. Digər tərəfdən, hər il xarici ölkələrə səfər edən onmilyonlarla Rusiya vətəndaşı da artıq ölkə sərhədlərindən kənara çıxa bilmirlər. Bu isə o deməıkdir ki, Rusiya vətəndaşları xarici ölkələrə səfər üçün dollar almaq məcburiyyətində deyillər. Yəni, əhalinin dollara təlabatı azalıb. Ona görə də, Rusiya xarici ölkələrdən mal idxal etmək üçün dollar xərcləyə bilmir. Yəni, dollar Rusiyada istifadəsi məhdudlaşmış valyutaya çevrilib. Belə səbəblərin sırasını artırmaq da olar. Bu baxımdan, Rusiya rublunun möhkəmlənməsi Rusiyaya sərfəli faktorlara söykənmir. Bu, Rusiya iqtisadiyyatının güclənməsi və ya sanksiyalara tab gətirmək qabiliyyətindən qaynaqlanmır, müvəqqəti xarakter daşıyır. Və böyük ehtimalla payız aylarında əsl reallıq tədricən ortaya çıxmağa başlayacaq".

Lamiyə Xəqani,

SİTAT.İNFO



Xəbər xətti