“Şamaxı” bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Qarabağ”ı qəbul edib.
Sitat.info xəbər verir ki, 2:1 hesabı ilə qalib gələn bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasovun oyundan sonra mətbuat konfransı keçirilib. Abbasov belə hava şəraitində mübarizə aparmağın çətin olduğunu bildirib:
“Kubok oyunu iki matçdan ibarətdir. İlk oyunumuz idi. Belə hava şəraitində mübarizə aparmaq çətin idi. “Qarabağ” kimi komanda ilə oyunlar həmişə çətin keçir. Biz də sıx qrafikdə oynayırıq. Amma davam edəcəyik, beş gün sonra çempionat oyunumuz var. Həmin oyuna hazırlaşacağıq.
Bilirsiz, bizim heyət geniş deyil, rotasiyalar edə bilmirik. Yorğunçuluq mütləq olacaq. Çempionatda da hədəfimiz bəllidir, daha üst yerlərə qalxmaq istəyirik.
Kubokda da hədəfimiz bəllidir, mübarizə aparacağıq. Futboldur, istənilən nəticə qeydə alına bilər. Bu gün qalib gəlsək də, düşünürəm ki, favorit yenə “Qarabağ”dır.
Bundan da çətin hava şəraiti olub ki, oyun təxirə salınmayıb. Növbəti turda belə olsa, zatən oyunun təxirə salınması bizdən asılı olmayacaq. Amma belə baxsaq, havalar yaxşılığa doğru getməlidir”.