Polşanın Lejnitsa-Velka bölgəsində yerləşən 1-ci hava süvari batalyonunun hərbi hissəsinin ərazisinə naməlum pilotsuz uçuş aparatı (PUA) düşüb.
Sitat.info xəbər verir ki, bu barədə Polşa Hərbi Polisi (Hərbi Jandarma) “X” sosial şəbəkəsindəki rəsmi hesabında məlumat yayıb.
Bildirilib ki, fevralın 6-da qeydə alınan hadisə nəticəsində hərbi hissəyə və şəxsi heyətə heç bir zərər dəyməyib.
Hazırda Hərbi Jandarmanın Lodz şöbəsinin əməkdaşları hadisə yerində prosessual araşdırmalar aparır və PUA-nın mənşəyini, həmçinin uçuş məqsədini müəyyənləşdirməyə çalışırlar.
Qeyd edək ki, son aylarda Polşanın Ukrayna ilə sərhəd bölgələrində və hərbi poliqonları ətrafında naməlum hava obyektlərinin görünməsi halları artıb. Rəsmi Varşava bu cür hadisələrin qarşısını almaq üçün hava məkanına nəzarəti və hərbi obyektlərin mühafizəsini gücləndirib.