Yeni qaydalar sərbəst taksi fəaliyyətinə maneə yaradacaqmı?

15:22 7 Fevral 2022

Bakıda taksi fəaliyyəti ilə bağlı yeni normativlər tətbiq ediləcək. Daha dəqiq desək, Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkili, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində həyata keçirilən fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı normativ hüquqi aktların layihələri hazırlanacaq.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərmanında öz əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti normativ hüquqi aktların layihələri üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Mövzu ilə bağlı açıqlama verən Natiq Cəfərli isə hesab edir ki, yeni qaydalar sərbəst taksi fəaliyyətini məhdudlaşdıra bilər:

 

"Ölkədə devalvasiyalardan sonra illər üzrə inflyasiya səviyyəsi: 2016-ci il 12,1%, 2017-ci ii 7,3%, 2018-ci ildə 2,3%, 2019-ci ildə 2,6%, 2020-ci ildə 2,8%, 2021-ci ildə isə 12% olub. 

Yəni, son illər qiymətlər sürətlə artıb, yeganə ucuzlaşma taksi xidmətində qeydə alınıb – 2016-cı ildən bəri taksi xidməti ucuzlaşıb, səbəbi isə çox sadədir: Taksi xidməti ölkədə nadir rəqabətli mühit olan sahələrdəndir. Rəqabət yarandı, ölkəyə taksi xidməti üçün yanacağı daha az istifadə edən avtomobillər gətirildi, beynəlxalq və yerli taksi xidməti göstərən şirkətlər fəaliyyətə başladı, qiymətlər ona görə də ucuzlaşdı.

 "Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" fərmana görə isə,  3 ay müddətində taksi xidmətinin təşkili ilə bağlı yeni normativ aktlar qəbul ediləcək. Tərcüməsi isə budur ki, bu sahədə rəqabətə son qoyulacaq, taksi xidmətində də inhisarçılıq meyilləri artacaq.

Mən anlayıram, taksi xidmətində tənzimləmə olmalıdır, amma dövlət niyə hər şeyi qarışmalıdır ki?! Ümumi qaydalarını, vergisini müəyyən edirsən, təhlükəsizlik qaydalarını elan edirsən, vəssalam, camaat özü çalışır, pul qazanır, vergisini ödəyir, işləyir, ailəsini dolandırır – buna nədən mane olasan ki?!"



Xəbər xətti