Ziya Məmmədovun baş tutmayan Həcc ziyarəti:  Günahları bağışlanardımı...

12:22 9 İyun 2022

Sabiq nəqliyyat naziri Ziya Məmmədov Həcc ziyarətinə gedə bilməyib. Belə ki, QMİ-nin tətbiq etdiyi qaydalara görə, yaşı 65-dən yuxarı olan şəxslərin ziyarətə getməsi qadağandır.

Bəs arzusu, niyyəti olan şəxs Həcc ziyarətini başqasının vasitəsilə icra edə bilərmi? Oğlunu, qardaşını, başqa qohumlarını öz yerinə göndərmək kimi qaydalar varmı? Adı rüşvətdə, korrupsiyada, xalq malını dağıtmaqda hallanan Ziya Məmmədov həccə gedərsə, onun bu cür əməlləri bağışlanarmı?

AĞ Partiya başqanının dini və ideoloji məsələlər üzrə müşaviri Azər Hüseynov burada QMİ-nin məlumat verməsinə böyük ehtiyac görür: “Həccə yaş məhdudiyyətinin qoyulmasını dindarlara şəri cəhətdən izah etmək QMİ-nin vəzifəsidir. Çünki dindar sual verir ki, Səudiyyə Ərəbistanı bu tələbi qoymursa, bunun səbəbi nədir? Allah və rəsulunun qoymadığı məhdudiyyəti QMİ niyə qoyur? Yox, əgər bunun tibbi və ya digər səbəbi varsa, bunu da müvafiq qurumlar izah etməlidir. Çünki bu, dindarlar tərəfindən yaxşı qarşılanmır.

Ziya Məmmədova gəldikdə isə onun dediyiniz məsələlərlə bağlılığını üzə çıxarmaq müvafiq orqanların işidir. O da hamı kimi həccə gedə bilər. İbadətlər elə günahları yumaq üçündür də. İbadət təmizləyir. Kimsə nirvanaya çatıb ibadət etmir. Hə, sadəcə, tövsiyə edərdim ki, çoxlu infaq etsin. İnfaq, yəni malından onu qiyamət günü qurtarması üçün ehtiyaclılara xərcləsin”.

İlahiyyatçı Emil Rahiloğlunun məsələyə şərhi də diqqət çəkir: “Şəriət şəxslərə görə heç vaxt fətva vermir. Adını qeyd etdiyiniz şəxs olmasın, lap qeyri biri olsun. Bu, birmənalı şəkildə belədir. Amma ümumi şəriətin hökmlərinə əsasən istənilən şəxsin əgər Həcc ziyarətinə getmək, yaxud ora gedib Həcc ziyarəti əməllərini yerinə yetirmək qabiliyyəti yoxdursa, sussuzluğa dözə bilmirsə, yaxud yolu getmək imkanları məhduddursa, belə olan halda başqasını tutur, ona pul verir və deyir ki, həccin filan əməlini yerinə yetir. Əlbəttə ki, bu ancaq həccə aiddir. Yəni kimsə pul verib namaz qıldıra, oruc tutdura bilməz. Həccin əməlləri çətin olduğuna görə şəriət icazə verir ki, bir nəfər pul versin, öz yerinə kimisə göndərsin. Pul verilən şəxs onu qəbul etməyə də bilər. Yəni deyə bilər ki, sizin yerinizə bu əməli yerinə yetirə bilərəm. Şəriət ona da icazə verir ki, biri həyatını dəyişən atasının yerinə Həcc ziyarətinə kimisə göndərsin. Burada fərq etmir, qadın, yaxud kişi olsun. Bir sözlə, həcc əməli hər bir müsəlmana vacibdir. Əlbəttə, bu vacibin də bir qədəri var. Hazırda hər kəsə vacibdir.

Müəyyən bir miqdar var, əgər insanın illik gəliri həmin miqdarı keçərsə, belə olan halda həcc həmin insana vacib olur. Bir də əgər bir insan bu miqdarı keçibsə və həcc vacib olursa, həccə getməyibsə, dünyasını dəyişibsə, vacibiyyəti yerinə yetirmək üçün kimsə göndərilə bilər. Bununla da vacibiyyət həmin şəxsin üzərindən götürülür. İndi dövlət qanunu var ki, 65-dən yuxarı yaşı olan kimsə həccə gedə bilməz. 65-dən yuxarı yaşı olan kimsə üçün həcc vacibdirsə, bu yaşda bu vacibiyyət və imkan yaranıbsa, o zaman qohumlardan, yaxud kənardan kimisə yerinə göndərə bilər. O ki qaldı kimsə həccə gedərsə günahları bağışlanır, ya yox, deyim ki, günahların bağışlanması üçün Allah-təala tövbə qoyub. Tövbə surəsi var, nə qədər bununla bağlı ayələr var. Yaxud tövbə etdim, ”əstəğfürullah" deməklə günahlar bağışlanmaz. İslam dini hər zaman imanla əməli birlikdə qərar verir. Məsələn, Quran buyurur ki, iman gətir, tövbə edin, saleh əməllər görün. Yəni bir şəxsin əməli saleh deyilsə, gün ərzində min dəfə də tövbə etsə, onun tövbəsi qəbul deyil, günahları da bağışlanılmaz. Günahlar iki yerə bölünür. Biri ümumi insanların öhdəsində olan günahlardır, yəni insanların haqqını boynuna gətirmisən. Digəri isə özünün şəxsi günahındır. Məsələn, namaz qılmamısan, bu şəxsi günahdır. Buna Allahın haqqı deyirlər. Digəri isə insanların haqqı adlanır. Məsələn, rüşvət almısan, kiminsə qeybətini etmisən və s. Tutaq ki, bir nəfər oğurluq edib, şikayətçi yoxdur. Günahı bağışlanır? Əlbəttə yox. Sadəcə, şikayətçi qismi çıxarılır. Allah-təala onun günahından keçir. Amma gərək ki, malı oğurlanan da haqqından keçmiş olsun". (musavat.com)



Xəbər xətti