Prokurorluq 15 yaşda ana olan qızın ölümü ilə bağlı məlumat yayıb- YENİLƏNİB

11:55 8 Fevral 2022

Prokurorluq Bakıda 15 yaşda ana olan yeniyetmənin ölümü ilə bağlı məlumat yayıb.

Xəzər rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, fevralın 4-də, saat 18 radələrində paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi sakini 06 may 2006-cı il təvəllüdlü Nigar Rüstəmova (ad və soyad şərtidir) və bətnindəki dölün ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, mərhum 10 ay əvvəl 1993-cü il təvəllüdlü Elvin Məmmədov (ad və soyad şərtidir) ilə ailə həyatı qurub, fevralın 4-də, saat 14 radələrində yaşadığı ünvanda ev şəraitində ölü döl doğduqdan sonra halının pisləşərək komatoz vəziyyətə düşməsi səbəbindən 3 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilmiş və saat 18 radələrində xəstəxananın reanimasiya şöbəsində ölüb.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə, Nigar Rüstəmovanın (ad və soyad şərtidir) və dölün meyitlərə baxış keçirilib, meyitlərin bədən səthi üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib.

Hazırda faktla bağlı Xəzər rayon prokurorluğunda araşdırma aparılır.



Xəbər xətti