Hizbullah ABŞ vasitəçiliyi ilə aparılan birbaşa danışıqları rədd etdi

14:25 27 Aprel 2026

Hizbullah İsrail və Livan arasında ABŞ-ın vasitəçiliyi ilə aparılan birbaşa danışıqlara qarşı çıxdığını və silahlarını yerə qoymayacağını bəyan edib.

Sitat.info xəbər verir ki, təşkilatın baş katibi Naim Qasım Telegram kanalında yaydığı açıqlamada bildirib ki, birbaşa danışıqlar onlar üçün etibarsızdır və bu proses Hizbullahı narahat etmir. O, mövcud administrasiyanı Livanın hüquqlarını pozmaqda ittiham edərək, birbaşa dialoqun dayandırılmasını və dolayı danışıqlara qayıdılmasını təklif edib.

Qasım vurğulayıb ki, Hizbullah Livanı və əhalini qorumaq üçün fəaliyyətini davam etdirir. Onun sözlərinə görə, münaqişənin əsas səbəbi İsrailin hücumlarıdır və təşkilatın fəaliyyəti buna cavab xarakteri daşıyır. “Silahlarımızdan imtina etməyəcəyik, bu mərhələdə bu, zəruridir”, – deyə o qeyd edib.

Baş katib həmçinin 17 apreldə Livanda qüvvəyə minən atəşkəsə toxunaraq, bu prosesdə İranın rolunu xüsusi vurğulayıb və Tehrana təşəkkürünü bildirib.

Qeyd edək ki, Livan və İsrail arasında 30 ildən artıq fasilədən sonra yüksək səviyyəli əlaqələr 14 apreldə Vaşinqtonda bərpa olunub. ABŞ Dövlət Departamentində keçirilən görüş 1993-cü ildən bəri ən yüksək səviyyəli birbaşa təmas kimi qiymətləndirilib. Görüşdə ABŞ Dövlət katibi Marko Rubio, eləcə də hər iki ölkənin Vaşinqtondakı səfirləri iştirak ediblər.

Bu təmaslar iki ölkə arasında uzun müddət bağlı qalan diplomatik kanalların açılması baxımından mühüm addım sayılır. Tərəflər 24 apreldə Ağ Evdə də görüş keçiriblər.

Nigar,

Sitat.info



Xəbər xətti