Abşeron rayonunda yüksək gərginlikli elektrik xətlərinin altında ev tikilməsi ilə bağlı sosial şəbəkələrdə videolar yayıldı. Apardığımız araşdırma və müşahidələrimiz zamanı Xırdalan və Qobu qəsəbələrində elektrik qurğularının altında və yaxınlığında onlarla evlərin tikildiyinin şahidi olduq. Hətta qurğuların özünün yerləşdiyi torpaqda belə evlərin tikildiyinə dair videofaktlar mövcuddur.
Bəs, yüksək gərginlikli xətlərin altında, yaxınlığında məskən salanları gələcəkdə nə kimi problemlər gözləyə bilər? Bunun orqanizmə mənfi təsirləri varmı?
Bəzi araşdırmalar və müzakirələrdə yüksək gərginlik xətlərin yaxınlığında yaşayanların uşaqlarında leykoz riski, yuxu pozğunluğu, uzunmüddətli stress və narahatlıq hissi, baş ağrısı kimi şikayətlərin meydana çıxdığına dair məlumatlar var.
Tanınmış həkim ekspert Adil Qeybulla Sitat.info-ya bildirdi ki, yüksək gərginlikli elektrik xətləri canlı orqanizm üçün ciddi təhlükə riski yaradır: "Ümumiyyətlə, yüksək gərginlikli elektrik xətləri müəyyən bir məsafədə, hətta 10 metrə qədər radiusda elektromaqnit sahəsi yaradır və bu elektromaqnit sahəsində ümumiyyətlə canlı orqanizmlər üçün də neqativ təsir baş verir. Məsələn, müəyyən edilmişdir ki, bədənində rəngli tatuajı olan şəxslərin həmin yerdən keçməsi nəticəsində onların orqanizmində müəyyən mənfi dəyişikliklər baş verir. Bu xətlərin birbaşa altında bina və yaxud ev tikmək olmaz. Nəzərə alaq ki, bu xətlər həm də müxtəlif zədələnmələrə məruz qala bilər, qopa bilər və həmin evlərdə də ciddi qəzalara səbəb ola bilər".
A.Qeybulla əlavə etdi ki, aidiyyatı qurumlar ciddi təhlükəsizlik tədbirləri görməlidir: "Ona görə də hesab edirəm ki, nə qədər gərginlik yüksəkdirsə, həmin yerlərdə mümkün qədər təhlükəsizlik tədbirləri görülməlidir. Həmin xətlərin altında,yaxınlığında diqqəti cəlb edən elanlar qoyulmalı, gərginliyin olması qeyd olunmalı, təhlükə barədə xəbərdarlıq sözləri yazılmalıdır. Amma birinci növbədə insanlar özləri özlərini qorumalıdırlar. Xüsusilə bu xətlərin altında uzun müddət dayanmaq məqsədəuyğun deyil. Yaşayış binaları, evlər tikmək, həmin ərazilərdə yaşamaq qətiyyən məqsədəuyğun deyil".
Nigar,
Sitat.info