Marko Yankoviçə ağır cəza - “Qarabağ” 75 minə yaxın cərimələndi

16:36 8 May 2026

"Qarabağ” klubunun futbolçusu Marko Yankoviç səkkiz oyunluq cəza alıb.
 
Sitat.info xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
 
Ağdam təmsilçisi isə 70000 manatdan çox cərimələnib.
 
Buna Ağdam təmsilçisinin "Sabah"a uduzduğu (1:2) Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda yaşananlar səbəb olub.
 
Qarşılaşma bitdikdən sonra "köhlən atlar”ın futbolçusu Marko Yankoviç ikinci sarı vərəqəni alıb. Monteneqrolu yarımmüdafiəçi dəhlizdə hakimə fiziki təzyiq göstərməyə cəhd etdiyinə, hakimə hədə-qorxu gəldiyinə görə 8 oyuna buraxılmayacaq.
 
"Qarabağ” isə oyunçunun bu hərəkəti ucbatından 25500 manat ödəyəcək.
 
Ağdam klubunun qapıçısı Mateus Koxalski birbaşa qırmızı vərəqə aldığı üçün bir oyunluq cəza alıb, klub isə 1000 manat cərimələnib.
 
Həmin görüşdə "Qarabağ" azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 2000 manat ziyana düşüb. Fanatların pirotexniki vasitədən istifadəsinə görə isə 7000 manat ödəniləcək. Həmin tərəfdarlar kütləvi şəkildə təhqiramiz ifadələr də səsləndiriblər. Bu səbəbdən klub 8000 manatından keçəcək. Görüşün keçirildiyi stadiona zərər vurulub və dağıntı törədilib. Ağdam təmsilçisi buna görə 5000 manat cərimə olunub və 70 ədəd oturacağa dəymiş ziyanı qarşılayacaq.
 
"Köhlən atlar”ın məşqçisi Hüseyn Seyidov hakimə fikizi təzyiq göstərməyə çalışıb və onu təhqir edib. H.Seyidov 6 matçlıq cəzalanıb, klub 18000 manat cərimə olunub. "Qarabağ”ın əməkdaşı İlqar Şamilov oyunun rəsmi şəxsinə fiziki təzyiq görməyə cəhd edib. O, 5 oyunluq cəzaya məruz qalıb, klub isə 8000 manat ziyana düşüb.
 
Bundan əlavə, "Sabah” klubu da sözügedən qarşılaşmada yaşananlara görə cərimə olunub.
 
"Sabah”dan isə 5 nəfər sarı vərəqə aldığı üçün "Sabah” komandası 700 manat cərimə edilib. 
 
"Sabah" komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə "Sabah" komandası 2000 manat cərimə edilib. 
 
"Sabah” komandasının azarkeşləri olan hissədən meydançaya kənar şəxs daxil olduğuna görə "Sabah” komandası 6500 manat cəriməyə məruz qalıb.
 
Meydan sahiblərinin azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə "Sabah” komandası 3000 manat cərimə edilib. 
 
"Qarabağ” ümumilikdə 74 min 500 manat cərimə ödəyəcək. 
 
"Sabah” isə 12 200 manat cərimə olunub. 
 
Qeyd edək ki, həmin qarşılaşmadan sonra "Qarabağ”ın futbolçusu Marko Yankoviç stadionun dəhlizində baş hakim Rəvan Həmzəzadəyə hücum çəkmişdi. 
 



Xəbər xətti