Argentinadan Kabo-Verdeyə gedən və hantavirusa yoluxmanın aşkarlandığı "MV Hondius" kruiz gəmisindən təxliyə edilən üç Türkiyə vətəndaşı gecə saatlarında İstanbula gətirilib.
Sitat.info "A Haber" telekanalına istinadən xəbər verir ki, Türkiyə Səhiyyə Nazirliyinin diqqətlə apardığı əməliyyat nəticəsində ölkəyə daxil olan vətəndaşlar ciddi nəzarət altında olmaq şərti ilə evlərində karantinə alınıblar.
Qeyd edilir ki, bu şəxslərdə hazırda heç bir simptom müşahidə olunmur. Lakin ehtiyat tədbiri olaraq, gəmidə xəstə insanlarla təmasda olmaları və ya yoluxmuş qidaları qəbul etmələri ehtimalına qarşı karantində saxlanılacaqlar.
Xatırladaq ki, ötən həftə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Argentinadan Kabo-Verdeyə gedən "MV Hondius" kruiz laynerində hantavirusun yayıldığını elan edib. Gəmidə bir neçə nəfərdə yoluxma halı qeydə alınıb və həmin şəxslərdən üçünün həyatını xilas etmək mümkün olmayıb.
Mayın 10-da gəmi İspaniyanın Tenerife adasının limanına çatıb və bundan sonra sərnişinlərin təxliyəsi əməliyyatı başlayıb. ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus insanların 10 uçuşda təxliyə edilməsinin planlaşdırıldığını bildirib. 14 İspaniya vətəndaşından ibarət ilk sərnişin qrupu paytaxtdakı xəstəxanalardan birinə aparılıb.