AB-dən Rusiyaya yeni sanksiya

18:00 11 May 2026

Avropa Birliyi (AB) ukraynalı uşaqların qanunsuz deportasiyası və zorla Rusiyaya köçürülməsində iştirak edən daha 16 fiziki şəxsə və 7 quruma sanksiyalar tətbiq edib.

Sitat.info xəbər verir ki, sanksiyalar Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini təhdid edən fəaliyyətlərdə iştirak edən şəxsləri və təşkilatları hədəf alır.

AB Şurasının məlumatına görə, siyahıya ukraynalı azyaşlıların sistemli şəkildə qanunsuz deportasiyası, məcburi köçürülməsi, assimilyasiyası, ideoloji təsirə məruz qoyulması və hərbiləşdirilmiş təhsilə cəlb olunmasında rol oynayan şəxslər daxil edilib.

Sanksiya siyahısına Rusiya Təhsil Nazirliyi ilə əlaqəli “Orlyonok”, “Qırmızı Yelkənlər” və “Smena” Ümumrusiya Uşaq Mərkəzləri, həmçinin Sevastopoldakı DOSAAF Mərkəzi, Naximov Hərbi-Dəniz Məktəbi və Krımdakı “Patriot” hərbi-vətənpərvərlik klubu, işğal edilmiş ərazilərdə fəaliyyət göstərən məmurlar və siyasətçilər, eləcə də müxtəlif gənclər düşərgələrinin, hərbi-vətənpərvərlik klublarının və təşkilatlarının rəhbərləri daxil edilib. Sanksiyalar çərçivəsində həmin qurumların aktivləri dondurulur, AB vətəndaşları və şirkətlərinə onlara maliyyə vəsaiti və iqtisadi resurs təqdim etmək qadağan olunur.

 

Fiziki şəxslərə qarşı isə AB ərazisinə giriş və tranzit qadağası tətbiq edilir.



Xəbər xətti