Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna ilə mümkün sülh danışıqlarının başlanması üçün Moskvanın qəti şərtlərini və Rusiyanın hərbi qüdrəti ilə bağlı mühüm məqamları açıqlayıb.
Sitat.info xəbər verir ki, Peskov Rusiya və Ukrayna arasında tamformatlı danışıqların başlaması üçün rəsmi Kiyevin atəşi dayandırmalı və Ukrayna Silahlı Qüvvələrinin Donbas ərazisini tamamilə tərk etməli olduğunu bildirib.
O qeyd edib ki, Ukrayna böhranının tənzimlənməsi üzrə aparılacaq istənilən müzakirə qaçılmaz olaraq çox mürəkkəb keçəcək və burada çox sayda mühüm detallar nəzərə alınmalıdır. Kremlin sözçüsü həmçinin "Sarmat" qitələrarası ballistik raketinin sınaqlarına da toxunaraq, bunu Rusiya və onun uzunmüddətli təhlükəsizliyi üçün "çox vacib hadisə" adlandırıb.
Peskovun sözlərinə görə, Rusiya tərəfi hələlik bu sınaqlarla bağlı ABŞ-dan heç bir rəsmi reaksiya almayıb. Bu bəyanatlar Moskvanın həm diplomatik masada, həm də hərbi sahədə öz mövqelərini sərtləşdirdiyini göstərir.
Qeyd olunur ki, Donbasın boşaldılması tələbi Kiyev üçün qəbuledilməz görünsə də, Kreml bu şərti danışıqların təməl nöqtəsi kimi təqdim edir. Eyni zamanda "Sarmat" sınaqları vasitəsilə Qərbə güclü hərbi mesaj verilməsi Rusiyanın strateji çəkindirmə siyasətinin bir hissəsi kimi qiymətləndirilir.