Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev Aktau yaxınlığında AZAL Hava Yollarına məxsus təyyarə qəzasında həlak olanların bəzi qohumlarının artıq lazımi ödənişləri aldığını açıqlayıb.
Sitat.info Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, o, bəzi ailələr üçün məsələnin məhkəmələrdə qaldığını, çünki kimin kompensasiya almaq hüququna malik olduğunu qanuni şəkildə müəyyən etmək vacib olduğunu qeyd edib. Bozumbayev qeyd etdi ki, Azərbaycan və Rusiyadakı sığorta şirkətləri müvafiq məhkəmə qərarlarından sonra ödənişləri etməyə hazırdırlar.
O, vətəndaşlığından asılı olmayaraq bütün sərnişinlərin kompensasiya almalı olduğunu vurğulayıb. Onun sözlərinə görə, Qazaxıstan agentlikləri Azərbaycan tərəfi ilə sıx əlaqə saxlayır və ödəniş prosesində heç bir ayrı-seçkiliyin olmamasını təmin edirlər.
Bozumbayev əlavə etdi ki, gecikmələr ödənişlərin rədd edilməsi ilə deyil, kompensasiya alanların müəyyən edilməsi üçün hüquqi prosedurlarla bağlıdır.
Xatırladaq ki, Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına məxsus Embraer 190 sərnişin təyyarəsinin qəzaya uğraması 25 dekabr 2024-cü ildə baş verib. Təyyarə Rusiya ərazisi üzərindən uçarkən hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Daha sonra heyət Qazaxıstanın Aktau şəhərinə eniş etmək qərarına gəlib, lakin həmin şəhərin yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən (62 Azərbaycan, Rusiya, Qazaxıstan və Qırğızıstan vətəndaşı) 38 sərnişin və heyət üzvü qəza nəticəsində həlak olub, 29 nəfər isə yaralanıb.