Nikol Paşinyanın Qazaxıstanda keçiriləcək Avrasiya İqtisadi İttifaqı (Aİİ) sammitində iştirak etməmək qərarı Ermənistanın prioritetləri ilə bağlı “müəyyən siqnal” hesab olunur.
Sitat.info xəbər verir ki, bu barədə Aleksey Overçuk rus nümayəndə heyətinin Aşqabada səfəri zamanı “Vesti”yə müsahibəsində bildirib. Overçuk vurğulayıb ki, Rusiya Ermənistanın Avropa İttifaqı ilə inteqrasiya kursunu nəzərdən qaçıra bilməz. Onun fikrincə, bu qurum Rusiyaya qarşı düşmən münasibəti göstərən hərbi-siyasi ittifaq xüsusiyyətləri qazanır.
Rusiya baş nazirinin müavini həmçinin bildirib ki, Ermənistan bir sıra imtiyazlarını itirə, gömrük rüsumları, qaz və enerji daşıyıcılarının qiymətlərində artımla üzləşə bilər.
“Rəsmi İrəvan sadəcə anlamalıdır ki, bu onları hara aparırlar. Aydındır ki, gömrük rüsumları tətbiq olunacaq, qaz və enerji qiymətləri dəyişəcək. Onlar bəzi üstünlüklərini itirəcəklər. Ola bilər ki, bəzilərini qazansınlar, ya da heç nə qazanmasınlar”, - deyə Overçuk bildirib.
Bundan əvvəl Vyaçeslav Volodin Paşinyanı sərt tənqid edərək bildirmişdi ki, o, Rusiyanın dostluğuna “kinli, alçaq və qeyri-etik addımlarla” cavab verir. O həmçinin xatırlatmışdı ki, Rusiya Ermənistana qazı olduqca güzəştli şərtlərlə təqdim edir.
Daha əvvəl Ermənistana satılan rus qazı ilə bağlı xüsusi imtiyaz barədə Sergey Şoyqu da açıqlama vermişdi. Ondan əvvəl isə bu məsələ ilə bağlı Vladimir Putin danışmışdı.
///Modern.az