“Milan”da böyük təmizləmə - Onlar da klubdan qovuldu

20:50 26 May 2026

Milan” baş məşqçi Massimiliano Alleqrinin istefaya göndərildiyini ötən gün elan edib.

Sitat.info “Tuttosport”a istinadla xəbər verir ki, çempionatın son turunda “rossoneri” UEFA Çempionlar Liqasına vəsiqə qazanmaq şansını əldən verərək mövsümü 5-ci pillədə başa vurub.

Bu uğursuzluq isə klub rəhbərliyinin səbir kasasını daşırıb.Nəşr yazır ki, milanlıların rəhbərliyi yalnız baş məşqçinin istefaya göndərilməsi ilə kifayətlənməyib və klubda köklü islahatlara start verilib. Belə ki, biabırçı mövsümdən sonra Alleqri ilə yanaşı, idman direktoru İqli Tare, baş direktor Corcio Furlani və texniki direktor Ceffri Monkada da tutduqları vəzifələrdən azad ediliblər. Klubun idman blokunun rəhbərliyi isə tamamilə yenilənəcək.

Qeyd edək ki, İtaliya A Seriyasının son turunun nəticələrinə əsasən, turnir cədvəlində ilk dördlüyü tamamlayan “Roma” və “Komo” klubları növbəti mövsüm üçün Çempionlar Liqasına vəsiqəni rəsmiləşdiriblər. Onlar daha əvvəl bu hüququ qazanan “İnter” və “Napoli”yə qoşulublar.

Məlumat üçün qeyd edək ki, İtaliyanın iki nəhəngi – “Milan” və “Yuventus” gələn mövsüm Avropanın ən nüfuzlu klub turnirindən kənarda qalacaqlar. Milan və Turin təmsilçiləri şanslarını Avropa Liqasında sınayacaqlar.



Xəbər xətti