Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət (U-21) millisinin heyətinə yeni oyunçu cəlb olunub. Komandamız mayın 28-dən 30-dək Bakıda, mayın 31-dən iyunun 10-dək isə Türkiyənin Isparta şəhərində təlim-məşq toplanışında olacaq.
Sitat.info xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Verilən məlumata görə, Belçikanın "Sent-Truiden" klubunun yarımmüdafiəçisi Mustafa Kamara U-21 millisinin düşərgəsinə dəvət alıb. 18 yaşlı sol cinah yarımmüdafiəçisi geridə qalan 2025/2026-cı illər mövsümündə "Sent-Truiden"in U-18 komandasının heyətində ümumilikdə 19 oyunda meydana çıxıb və 2 qola imza atıb.
U-21 millimiz Türkiyədəki hazırlıq prosesi çərçivəsində iki yoldaşlıq görüşü keçirəcək. Futbolçularımız iyunun 6-da Bəhreyn, iyunun 9-da isə Qırğızıstanın müvafiq yaş qrupundan ibarət yığma komandaları ilə qüvvəsini sınayacaq.
Qeyd edək ki, Mustafa Kamara vaxtilə Azərbaycanda çıxış etmiş tanınmış legionerin övladıdır. O, 2007-2012-ci illərdə "Qəbələ" klubunun formasını geyinmiş Abdulkader Kamaranın oğludur. Mustafa 2008-ci il martın 3-də Azərbaycanda anadan olub.