Sinoptiklər ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq ediblər. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, qeyri-sabit hava dalğası mayın 31-i günorta saatlarına qədər davam edəcək.
Bakıda və Abşeron yarımadasında sabah arabir yağış yağacağı, bəzi ərazilərdə prosesin intensivləşəcəyi və şimşək çaxacağı gözlənilir.
Bölgələrdə vəziyyət daha mürəkkəb olacaq. Ayrı-ayrı rayonlarda güclü leysan, ildırım və dolu ehtimalı var. Hətta yüksək dağlıq ərazilərdə qarın yağacağı da proqnozlaşdırılır. Belə hava şəraiti çaylarda suyun səviyyəsini artıracaq, bəzi dağ çaylarında isə qısamüddətli sel və daşqın təhlükəsi yaradacaq.
Temperaturda da nəzərəçarpacaq dəyişiklik hiss olunacaq. Ölkə üzrə havanın temperaturu əvvəlki günlərlə müqayisədə 3-6 dərəcə aşağı düşəcək. Sürücülərə və dağlıq ərazilərdə yaşayan sakinlərə çaylardakı mümkün daşqınlara qarşı ehtiyatlı olmaq tövsiyə edilir.