Bu şəxslər metro və avtobuslarda pulsuz gedə bilər -Gözlənilən qərar

11:55 2 İyun 2026

Bir çox ölkələrdə sosial həssas qrupların ictimai nəqliyyatdan istifadəsini asanlaşdırmaq üçün müxtəlif güzəştlər tətbiq edilir. Tələbələr, əlilliyi olan şəxslər və yaşlılarla yanaşı, hamilə qadınlar üçün də xüsusi nəqliyyat imtiyazları mövcuddur. Son olaraq Rusiyada hamilə qadınların bütün ictimai nəqliyyat növlərindən pulsuz istifadə etməsi ilə bağlı təşəbbüs gündəmə gəlib.

 

Bəs Azərbaycanda da hamilə qadınlar, yaşlılar və tələbələr üçün gedişhaqqıda güzəştlərin tətbiqi mümkündürmü?

 

Sfera.az xəbər verir ki, globalinfo.az-a danışan Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun "İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir (Abdullayeva) bildirib ki, hazırda ölkəmizdə həssas qruplar (tələbələr, pensiyaçılar, əlilliyi olan şəxslər və s.) üçün ictimai nəqliyyatda ümumi gedişhaqqı güzəşti nəzərdə tutulmayıb:

 

"Bəzi ölkələrdə tələbələr üçün endirimli aylıq və ya illik nəqliyyat kartları təqdim edilir, yaşlı şəxslər və pensiyaçılar üçün pulsuz və ya güzəştli gediş imkanları yaradılır, əlilliyi olan şəxslər üçün isə xüsusi imtiyazlar tətbiq olunur.

 

Hamilə qadınlar üçün bəzi ölkələrdə pulsuz gedişdən daha çox prioritet xidmətlər, xüsusi oturacaqlar və müəyyən güzəştlər nəzərdə tutulur”Professor qeyd edib ki, Azərbaycanda da belə bir mexanizmin tətbiqi hüquqi baxımdan mümkündür:

 

"Lakin bunun üçün dövlət səviyyəsində müvafiq qərarlar qəbul edilməli, maliyyələşdirmə mexanizmi müəyyənləşdirilməli və nəqliyyat operatorlarının itkilərinin kompensasiya olunması təmin edilməlidir.

 

Ölkəmizdə belə güzəştlərin tətbiqi əsasən üç amildən asılıdır: Birincisi, sosial siyasət prioritetləridir. Yəni dövlət hansı qrupların əlavə dəstəyə ehtiyac duyduğunu müəyyən etməlidir. İkincisi, büdcə imkanlarıdır. Bu güzəştlərin dövlət büdcəsinə və nəqliyyat sektoruna maliyyə yükü əvvəlcədən hesablanmalıdır. Üçüncüsü isə nəqliyyat sisteminin hazırlığıdır. Güzəştli və ya pulsuz gediş hüququnun elektron kartlar və digər rəqəmsal alətlər vasitəsilə idarə olunması təmin edilməlidir”.

 

R.Sabir vurğulayıb ki, mütəxəssislər arasında ictimai nəqliyyatda güzəştlərin tətbiqinə münasibət birmənalı deyil:

 

"Bir qrup ekspert hesab edir ki, tələbələr və digər həssas qruplar üçün nəzərdə tutulan güzəştlər sosial müdafiəni gücləndirir və onların rifahına müsbət təsir göstərir. Digər qrup isə belə güzəştlərin nəqliyyat sektorunda əlavə maliyyə yükü yaratdığını bildirir. Fikrimcə, düzgün maliyyələşdirmə mexanizmi qurulduğu təqdirdə, bu cür güzəştlər həssas qrupların sosial müdafiəsini gücləndirməklə yanaşı, cəmiyyətdə sosial sabitliyin möhkəmlənməsinə də töhfə verə bilər”.



Xəbər xətti