Braziliyanın Rio-de-Janeyro şəhərində iki helikopterin havada toqquşması nəticəsində 6 nəfər həyatını itirib.
Sitat.info xəbər verir ki, helikopterlərdən biri avtomobil dayanacağına düşüb və göyərtəsində olan 5 nəfər həlak olub.
Digər helikopter isə toqquşma nöqtəsindən təxminən 100 metr aralıda aşmış vəziyyətdə tapılıb. Helikopterin pilotunun da öldüyü bildirilib.
Rəsmilər ikinci helikopterin düşməsi nəticəsində yanğın baş vermədiyini, lakin qalıqların ətrafdakı binaların üzərinə və terraslara səpələndiyini açıqlayıblar.
Yerli KİV-in məlumatına görə, dayanacağa düşən helikopterin yaratdığı yanğın nəticəsində park edilmiş təxminən 20 elektrik avtomobili yanaraq külə dönüb.
Rio-de-Janeyro merinin müavini Eduardo Cavaliere yanğının nəzarət altına alındığını, xilasedicilərin hadisə yerində dağıntıların təmizlənməsi və nəqliyyat vasitələrinin təxliyəsi işlərini davam etdirdiyini bildirib.
Qəzanın dəqiq səbəbi isə aparılan araşdırmadan sonra məlum olacaq.
Aytac,
Sitat.info