Havaların isinməsi ilə evlərdə qarışqaların peyda olması tez-tez qarşılaşılan problemlərdəndir. Bu xırda canlılar adətən qida və su axtarışı üçün mətbəxlərə, eləcə də digər otaqlara axışırlar. Onlardan kimyəvi maddələrdən istifadə etmədən, təbii yollarla qurtulmaq mümkündür.
Sitat.info bildirir ki, qarışqalar bəzi kəskin qoxulardan tamamilə uzaq dururlar. Məsələn, ağ sirkə bu baxımdan ən təsirli vasitələrdən biridir. Sirkəli suyu qarışqaların gəzdiyi yerlərə və keçid yollarına püskürtmək onların buraxdığı qoxu izlərini silir və yollarını azmalarına səbəb olur. Həmçinin limon şirəsi, nanə yağı və darçın da qarışqaları evdən uzaqlaşdırmaq üçün sınanmış üsullardandır. Bu maddələrin qoxusu onların naviqasiya sistemini pozur.
Digər effektiv üsul isə kofenin üyüdülmüş qalıqları və ya uşaq pudrasıdır. Qarışqaların giriş nöqtələrinə pudra tökmək onların hərəkətinə mane olur. Kimyəvi üsullara müraciət etmək istəyənlər isə apteklərdə satılan borat turşusundan istifadə edə bilərlər. Borat turşusunu azca şəkər tozu ilə qarışdırıb qarışqaların görünə biləcəyi künclərə yerləşdirmək problemi kökündən həll edir. Lakin bu üsulu evdə ev heyvanları və ya azyaşlı uşaqlar varsa, diqqətlə tətbiq etmək lazımdır.
Ən əsas şərt isə evdəki təmizliyə nəzarət etməkdir. Süfrədə qalan qırıntılar, açıq qalan şirniyyat qabları və ya çirkli qablar qarışqaları maqnit kimi çəkir. Buna görə də qidaları ağzıbağlı qablarda saxlamaq və yaşayış sahəsini nəm saxlamaqdan qaçmaq lazımdır.(Demokrat.az)